INFJ-lərin öyrənmə tərzi
INFJ-lərin öyrənməsini stimullaşdıran əsas sual – “Bu insanlar üçün faydalı olacaqmı?”
Aid olduqları bölgənin hüdudlarını aşıb, intuisiya və duyğularına güvənərək insanlığın problemlərini həll etmək imkanları onları motivasiya edir. Adətən müstəqil işləyirlər və nəzəri tapşırıqlara üstünlük verirlər.
Onların öyrənməsinə necə kömək etmək olar? Vizual məlumatlardan - şəkillərdən və videolardan istifadə edin, sosial elmlər / fənlər üzrə tapşırıqlar verin, əməkdaşlığa əsaslanan qruplara daxil edin və üzərində işləmək üçün mürəkkəb konsepsiyalar təqdim edin.
INTJ-lər kimi, INFJ-lər də son dərəcə konseptual, nəzəri öyrənmə tərzinə üstünlük verirlər. Müəyyən bir strukturla işləməyi xoşlasalar da, bir şeyin necə edilməsinin onlara dəqiq bir şəkildə izah edilməsini və ya hər gün eyni rejimə riayət etməyi sevmirlər. Onlar ümumi bir hədəf qoyulmasını və ya ümumi bir çərçivə verilməsini, bundan sonra isə bu çərçivəni müstəqil şəkildə anlayışlarla, dəstəkləyən faktlarla və mənalarla doldurmağı üstün tuturlar. Onlar sistem mütəfəkkirləri və gələcəyə yönəlmiş planlayıcılardır və mürəkkəb layihələr və problemlərdən stimul alırlar. Onların üstünlükləri məlumatları müstəqil şəkildə işlədikləri, öz düşüncə və baxışlarını sərbəstcə ifadə edə bildikləri esselər yazarkən üzə çıxır. Ən çox sevdikləri akademik fənlər adətən sənət / rəsm, ana dili və musiqidir.
INFJ-lər məlumatları yadda saxlamaq üçün analogiyalar və ya qısaltmalar yaratmağa çalışırlar və mexaniki əzbərləmək və təkrarlamağa çox əhəmiyyət verilən mühit onları tez məyus edir. “Ağ-qara” qaydalar və ya öyrətmə tərzi onları əsəbləşdirir. Dominant Ni (intuisiya) istifadəçiləri olaraq hər şeyi bir çox fərqli baxış bucağından və boz çalarlarla görürlər, sərt və sürətli qaydalara və “mütləq” olan hər şeyə şübhə ilə yanaşırlar. Zahirən etirazlarını biruzə verməsələr də, daxilən özlərindən asılı olmayaraq etiraza meyillənərək bir çox fərqli arqument kəşf etdikdən sonra müəllimlərinin dediklərinə zidd bir model və ya layihə təqdim edə bilərlər.
INFJ-lər müstəqil və ya təkbətək repetitorluq yolu ilə öyrənərkən daha üstün olurlar. Məlumatları işləmək, anlamağa və ya yaratmağa çalışdıqları məzmunun zehni təsvirini və ya modelini yaratmaq üçün təklikdə çox vaxt keçirməyi xoşlayırlar. Qrup müzakirəsinə üstünlük verilən və müzakirədən əvvəl sakit düşünmək üçün kifayət qədər vaxt verilməyən dərslər onlar üçün stresli ola bilər.
INFJ-lər həvəsləndirici, ahəngdar öyrənmə mühitindən zövq alırlar. Tənqidin nəzakətlə təqdim olunmasını sevirlər və müəllimlər digər tələbələrə tənqidi yanaşdıqda belə bunu özlərinə yönəlmiş kimi qəbul edə bilərlər. Konkret bir anlayışın insanlara və ya insanlığa necə kömək edə biləcəyini və öyrəndikləri dərsin / mövzunun böyük mənzərədəki yerini anlamaları onlara öyrənmək üçün stimul verir.
MBTI təlimatına əsasən, INFJ-lər ali təhsilin birinci semestrində ən yüksək qiymətlərə sahib olan iki tipdən biridir (INTJ ilə birlikdə). Onlar həm də bakalavr dərəcəsini ən yüksək qiymətlərlə bitirən dörd tipdən biridir və ali məktəbə sonuna qədər davam etmə faizi ən yüksək tiplər arasındadırlar.