Məsuliyyət və məcburiyyət
Məsuliyyətli uşaq sərbəst şəkildə məktəb tapşırıqlarını yerinə yetirir, yuxudan vaxtında qalxır və böyüklərin yardımına ehtiyac duymur.
Məsuliyyət – uşağa 2 yaşdan başlayaraq aşılanması vacib olan bir xüsusiyyətdir.
Çox vaxt valideynlər övladlarından davranışlarına görə məsuliyyət daşımalarını tələb edirlər. Uşaq bu tələbi yerinə yetirmədiyi halda valideyn onu məsuliyyətsiz və biganə adlandırır. Lakin valideynlər unutmamalıdır ki, bu hissin uşaqda körpəlikdən təməlini qoymaq və formalaşdırmaq lazımdır. Yəni, ona məsuliyyət daşımağın niyə bu qədər vacib olduğunu uşaqlıqdan izah etmək valideynin öhdəliyinə düşür. Azyaşlı uşaqların adətən valideynlərini təqlid etmə meyilini nəzərə alsaq, burada valideynin şəxsi nümünə sərgiləməsi də mühüm məqamdır. Valideynin özü məsuliyyətsiz davranış sərgiləyərək, uşaqdan məsuliyyətli olmağı tələb etməsi düzgün deyil. Uşaq dünyanı dərk etməyə başlayanda ətrafında baş verən hər bir şeyi eyni cür qiymətləndirir. O, yalnız böyüklərin reaksiyası nəticəsində nəyin yaxşı, nəyin pis olduğunu anlayır. Yəni, tədricən uşaq bəzi hərəkətlərinin həm özü, həm də ətrafdakılar üçün mənfi nəticələr verdiyini başa düşür. Valideyn uşağın yaşına uyğun işlərdə verdiyi hər bir qərara görə məsuliyyət daşımağı ona aşılamalıdır.
Məsuliyyəti məcbur etmək ilə səhv salmaq olmaz. Məsələn, “tez ol, get otağındakı oyuncaqlarını yerinə yığ” və “oyuncaqların da öz yeri var, onları oynadıqdan sonra yerinə yığmaq lazımdır ki, otaq səliqəli olsun” aralarında fərq var. Belə ki, ilk cümlədə uşaq məcbur edildiyini, istəmədiyi bir şeyi etməli olduğunu hiss edir, lakin ikinci cümlədə o, oyuncaqları niyə yerinə yığmalı olduğunu başa düşür. Etdiyi hər bir işdən sonra onu tərifləyin. Uşaq valideyni tərəfindən hər zaman danlanarsa, etdiyi müsbət davranışlara görə valideynindən tərif almazsa, bu zaman uşaqda valideynə qarşı qorxu formalaşa və nəticədə o, asanlıqla yalan danışma vərdişi edinə bilər. Burada əsas məsələ – onun etdiyi bütün müsbət davranışları vurğulamaqdır. Eləcə də, uşağa etdiyi hər səhv üzərində düşünmək, onu anlamaq, etiraf etmək və düzəltmək üçün şans da vermək vacibdir.
Uşağa hər bir şey düzgün aşılandığı halda gələcəkdə onda uğursuzluq zamanı başqalarını günahlandırmamaq, verdiyi sözə əməl etmək, bacardığı qədər ictimai qaydaları pozmamaq kimi keyfiyyətlər formalaşacaq. Bu, uşaqda yalnız məsuliyyətliliyi artırmır, həm də valideyn-uşaq arasında xoş və isti münasibətləri qorumağa kömək edir.
Lakin təəssüf ki, bəzi uşaqlar yeniyetməlik dövrünə qədər belə məsuliyyətli olma vərdişini mənimsəmir. Belə ki, bəzi valideynlər övladının yerinə hər bir şeyi edir, onun məsuliyyət daşıdığı fəaliyyətə görə belə məsuliyyəti öz üzərlərinə götürür, hər yaşda onu maddi təmin edir və bunların nəticəsi kimi uşaq həm tənbəlləşir, həm də məsuliyyət götürməyə öyrəşmədiyi üçün bu davranışı bir normaya çevirir. Yadda saxlamaq lazımdır ki, məsuliyyətsiz uşaq həyatının bütün mərhələlərində çətinliklə üz-üzə qala və həll yolunu tək başına tapmaqda çətinlik çəkə bilər.
Xoşbəxtlikdən məsuliyyət xarakterin bir hissəsi deyil. Bu, böyüklərin köməyi ilə əldə edilə bilən bir dəyərdir.