Yay tətili zamanı öyrənmə itkisinə qarşı tədbirlər
Valideynlər üçün məsləhətlər
Yay tətili məktəblilərin dərslərində geri qalmasının əsas səbəblərindən biridir. Elmi araşdırmalar göstərir ki, uzun yay tətilindən sonra uşaqların akademik qabiliyyətlərində ciddi geriləmə baş verir və onların tətildən əvvəlki səviyyəyə qayıtmaları üçün təxminən 2-3 ay vaxt sərf olunur.
Öyrənmə beyni formalaşdıran prosesdir. Siz hər dəfə bir şey öyrənəndə neyronlarınız (əsəb hüceyrələri) arasında əlaqə yaranır və davamlı öyrənmə zamanı bu əlaqələr mikroskopik səviyyədə güclənir. Bu neyron bağlantıları uzun müddət passiv qaldıqda onlar zəifləməyə başlayır. Tətil sonrası öyrənmə itkisi bütün siniflərdə müşahidə olunsa da, ən böyük zərərə aşağı sinif şagirdləri məruz qalır. Alimlərin fikrincə 11 illik təhsil müddətində uzun yay tətilləri ucbatından baş verən öyrənmə itkisi ən az bir dərs ilində öyrədilən materiala bərabərdir. Bu o deməkdir ki, orta statistik orta məktəb məzunu ali məktəbə qəbul imtahanına həcm və keyfiyyət baxımından ən az bir illik akademik itiki ilə girir.
Amerikada aparılan araşdırmaya əsasən, yay tətilindən sonra aşağı gəlirli ailələrin uşaqlarında daha böyük öyrənmə itkisi müşahidə olunur. Belə ki, imkanlı ailələr uşaqlarını yay məktəblərinə göndərir onlar üçün xüsusi öyrənmə mühiti formalaşdırır. Dərs ili boyunca müxtəlif gəlir qruplarına aid ailələrdən olan uşaqların akademik qabiliyyətləri arasındakı fərq nisbətən azalsa da, yay tətilindən sonra bu fərq əvvəlkindən də çox artır. Bu sahədə qərb ölkələrində aparılan müxtəlif araşdırmaların nəticələrinə görə 6-cı sinifə çatdıqda müntəzəm olaraq yay tətilində örənməyə davam edən uşaqlarla tətil zamanı hər cür öyrənmə fəaliyyətindən uzaq qalan uşaqlar arasında təxminən iki illik akademik fərq yaranır.
Nə etməli?
Yay tətili boyunca uşaqlardakı akademik itkinin qarşısını almaq üçün əsas vəzifə valideynlərin üzərinə düşür. Onlar övladları ilə daha çox vaxt keçirməli, onları oxumağa təşviq etməli, müxtəlif intellektual və fiziki xarakterli məşğuliyyətlərə cəlb etməlidirlər. Tətil vaxtı uşaqların beyni daha sərbəst və pozitiv olduğuna görə bu vaxt aldıqları məlumatlar və etdikləri davranışlar onların xarakterində daha dərin izlər buraxır. Buna görə də tətil boyu uşaqların arzuolunmaz insanların təsiri altına düşməsinə imkan vermək olmaz. Onları neqativ və xaotik mühitlərdən uzaq tutmaq, məqsdyönlü, öyrədici istiqamətlərə yönəltmək lazımdır.
Kitab oxumaq. Oksford universiteti mütəxəssislərinin fikrincə yay tətili ərzində 4-5 kitab oxumaq yay məktəbinə bərabər müsbət təsirə malikdir. Psixoloqlar qeyd edir ki, uşaqlar özləri üçün maraqlı olan mövzularda kitablar seçdikdə oxuma onlar üçün daha əyləncəli və maraqlı prosesə çevrilir. Oxuma və öyrənmə kənar stimullarla (qiymət, danlaq, tərif və s.) yox, daxili motivasiya (maraq) ilə əlaqədar olduqda beyində stress və yorğunluq yaratmır, proses daha dərin xarakter daşıyır və diqqət, qavrama, təhlil kimi zehni funksiyaları gücləndirir. Oxumanı tətil planlarınıza daxil etmək üçün mütəxəssislər park gəzintisi və ya çimərliyə özünüzlə kitab götürməyi, uşaqların beyninin öyrənməyə daha uyğun olduğu və diqqət yayındıran hadisələrin az olduğu səhər vaxtı onlarla birlikdə kitab oxumağı məsləhət görür.
Fiziki fəaliyyətlər. Eyni zamanda, tətil boyu fiziki aktivliyin dəstəklənməsi də uşaqların sağlamlağına müsbət təsir etməklə yanaşı, onların zehni qabiliyyətlərinin zirvədə qalmasına yardım edir. Fiziki sağlamlıqla akademik göstəricilər arasında birbaşa əlaqə olduğu şübhəsizdir. Uşaqları komanda idmanları seksiyalarına yazdırmaq, üzgüçülük kimi bacarıqlar öyrənməsinə dəstək vermək, şəhərdə tez-tez gəzintiyə çıxaraq şəhəri bir növ tədqiq etmək bu istiqamətdə görüləcək bəzi tədbirlərdir. Ümumiyyətlə, yay tətli zamanı uşaqlarınızla birlikdə fiziki aktivlik tələb edən istənilən fürsətdən istifadə etməyiniz məsləhətdir.
Oyunlar. Öyrədici oyunlardan istifadə də tətil müddətində uşaqlarda tənqidi düşünmə, problem həll etmə kimi qabiliyyətlərin formalaşmasında ciddi rol oynaya bilər. Bunun üçün mobil elektron qurğular və ya kompüterlər üçün hazırlanmış oyunlar, eləcə də bilavasitə fiziki oyun və fəaliyyətlərdən istifadə edə bilərsiniz. Bu yanaşmanı yay tətili planlarınıza daxil etmək üçün aşağıdakı vasitələrdən istifadə etməyiniz məsləhətdir:
- Uşağınızı mobil təhsil/öyrənmə oyununda yuxarı mərhələlərə çıxmağa həvəsləndirin
- Birlikdə hər hansı texniki layihəyə (məsələn, oyuncaq robotu qurmaq) başlayın
- Uşağa tort bişirmək və ya velosipedin sınmış hissəsini düzəltməyi və s. öyrədin
Uşaqların tətil zamanı oynaya biləcəyi ingilis, rus, türk dillərində on minlərlə təhsil və öyrənmə xarakterli mobil tətbiqetmə (application – ing.) vardır. Bunların bəziləri üçün ciddi dil bilikləri tələb olunmasa da, digərlərindən istifadə edərkən uşaqlarda xarici dil qabiliyyətlərinin inkişafı da stimullaşdırıla bilər. Uşaqlar onlar üçün maraqlı olan oyunları oynamaq, məsələləri həll etmək üçün lazım olan sözlərin tərcüməsini həvəslə öyrənəcək və yadında saxlayacaq. Oyunlar vasitəsilə dil öyrənmə effektiv metoddur. Bununla yanaşı xeyli sayda texniki xarakterli oyuncaqlar, ev daxili oyun və fəaliyyətlər uşaqların yay öyrənmələri üçün faydalı vasitələrdir.
Yuxarıdakılara əlavə olaraq Nyu York Universitetinin professoru Selçuk Şirin aşağıdakı məşğuliyyətlərin də yay tətili boyunca uşaqların öyrənmə qabiliyyətlərinin dəstəkənməsi üçün faydalı ola biləcəyini qeyd edir:
İncəsəntət fəaliyyətləri. Yay tətilindən uşaqlarınızda akademik il içərisində sərf-nəzər edilən fərdi sənət bacarıqlarının formalaşdırılması üçün istifadə edə blərsiniz. Tətil boyunca uşaqların iştirak edə biləcəyi rəsm, heykəl, musiqi, folklor, rəqs və digər xarakterli tədbirlər onların sənət bacarıqlarına, həm də emosional inkişafına tövhə verə bilər. Bir sıra araşdırmalar göstərir ki, öz maraqlarına uyğun sənət bacarıqlarını inkişaf etdirən uşaqların məktəbdəki dərslərə də marağı və dolayısı ilə akademik nailiyyətləri artır.
Keyfiyyətli vaxt keçirmə. Yay aylarında valideynlər uşaqlarla daha çox vaxt keçirmək imkanı əldə edir. Bu zamandan faydalı istifadə olunması uşaqların inkişafına verəcəyiniz ən böyük dəstəkdir. Başqa işləri ikinci plana keçirilib diqqətimizi uşaqlara yönəltidyimiz zamanlar onlarla xüsusən erkən yaşlarda etdiyimiz söhbətlər qalıcı müsbət təsirə malik olur. Uşaqlarla çözdüyümüz bulmacalar, oynadığımız digər intellektual və strategiya oyunları onların öyrənmə qabiliyyətlərinə ciddi tövhələr verir.
Planlı gəzinti və ziyarətlər. Yay aylarında tarixi yerlərdə turistik gəzintilər, muzeylərin ziyarət edilməsi, kənd yerləri və təbiət qoynundakı gəzintilər uşaqların dünyagörüşünü zənginləşdirmək üçün yaxşı fürsətlərdir. Bu cür ziyarətlərdən öncə uşaqların ziyarət olunacaq yerlə əlaqədar araşdırma aparması və gəzinti zamanı onlara bələdçi funksiyası verilməsi onların tarix, təbiət və ətraf mühitlə əlaqədar şüurluluğunun artmasına səbəb olacaq.
Valideynlər uşaqlarla oyun oynadıqa və onlarla gəzintiyə çıxdıqda onların beynində iki təməl funksiya – OYUN və ARAŞDIRMA funksiyaları aktivləşir. Vaşinqton Dövlət Univesitetinin professoru, məşhur nevroloq Caak Panksepin fikrincə bu zaman uşaqların orqanizmində xoşbəxtlik duyğusu yaradan neyrokimyavi maddələr aktivləşir. Bu cür bədən reaksiyası stress və narahatlığı azaldaraq uşaqlarla valideynlər arasında isti, xoş duyğuları gücləndirir və dünyada hər şeyin yaxşı olduğu duyğusunu yaradır. Uşaqlarda oyun və araşdırma qabiliyyətinin dəstəklənməsi böyük yaşlarda ideyalarla oynama bacarığına çevrilir ki, bu da bir sıra peşələr üçün əsəs keyfiyyətlərdən biridir. Oyun və araşdırma funksiyalarından sıx istifadə olunması beynin idrak, sosial intellekt, hədəfə yönəlmiş davranışlara cavabdeh alın paylarında (frontal lobes – ing.) böyümə və yetkinləşməyə səbəb olur. Zəngin təbiət qoynunda keçirilən vaxt alın paylarındakı əsas “beyin qidalandırıcıların” genetik ifadəsini işə salır ki, bu da stress tənzimləmə, diqqət, özünü toparlama, planlaşdırma və öyrənmə kimi icraçı funksiyaları və ümumilikdə fiziki və zehni sağlamlığı gücləndirir.
Beləliklə, əgər uşaqlarımızın akademik nailiyyətlərinin artmasını istəyiriksə onların yalnız məktəbdə yox, məktəbdən kənar da nə etdiyi ilə maraqlanmalı, onlarla sıx vaxt keçirməliyik.