Xoşbəxtliyin dörd səviyyəsi
Xoşbəxtlik həyatın mənası, varlığın son məqsədidir
Aristotel
Biz hamımız xoşbəxt olmağa çalışırıq. Aristotelin sözləri ilə desək, xoşbəxtlik yeganə hədəfdir ki, biz ona onun özünə görə nail olmağa çalışırıq. Digər bütün hədəflərə isə xoşbəxtliyə çatmaq üçün can atırıq. Lakin xoşbəxtlik heç də sadə anlayış deyil. Hər kəsin xoşbəxtlik anlayışı onun dünyagörüşü və mənəvi dəyərlərinin əsasında formalaşır.
Alimlər əsasən xoşbəxtliyin dörd səviyyəsini fərqləndirir.
Kənar obyektlərdən alınan zövq
Fiziki obyektlərdən alınan zövq xoşbəxtliyin ən alt pilləsidir. Bu səviyyədə xoşbəxtlik duyğusu ləzzətli yemək, komfortlu avtomobil və ya çimərlikdə istirahət kimi kənar faktorlardan alınır. Bu cür zövqlərin gətirdiyi məmnuniyyət güclü olsa da qısa sürür. Bu pillədə ilişib qalan insanlar məhdud dünya görüşünə və aşağı intellektual səviyyəyə malikdir. Onların dəyər sistemi inkişaf etməyib və hər cür məqsədyönlü faydalı fəaliyyət və yaradıcılıqdan uzaqdırlar. Bu cür insanlar öz dünyagörüşünü və dəyərlər sistemini genişləndirə bilmədikdə müntəzəm olaraq fizioloji zövq yaşamaq üçün siqaret, alkoqollu içkilər, qumar, həddindən çox yemək və digər zərərli məşğuliyyətlərə meylli olurlar. Lakin əgər siz xoşbəxtliyin daha yuxarı pillələrini yaşaya bilirsinizsə, zaman zaman ən alt pilləni yaşamağın heç bir zərəri yoxdur.
Fərdi nailiyyətlərdən duyulan sevinc
Bu səviyyədəki xoşbəxtliyin təməlində güclü eqo durur. İnsanlar başqaları ilə müqayisədə üstünlük əldə etdikdə sevinc hissi keçirirlər. Bu cür xoşbəxlik duyğusu əsasən böyük məbləğdə pul qazandıqda, idman yarışlaında qalib gəldikdə, karyerada irəliləyişə nail olunduqda güclənir. Özünüzü başqalarından daha varlı, daha ağıllı, daha cəlbedici və ya daha güclü hiss etməniz sizin eqonuzu oxşayır və özünüzü müəyyən müddət xoşbəxt hiss edirsiniz. Lakin bu cür xoşbəxtlik də davamlı xarakter daşımır. Belə ki, insan bir müddət sonra özündən daha üstün birini kəşf edib məyusluq duyğusunu canlandırır. Sevincə meyl insanı uğur və özünə hörmət qazanmağa stimullaşdırması baxımından faydalıdır. Lakin sevincə bağlı xoşbəxtliyin yeganə hədəf olması insanda Mən-mərkəzçilik, qısqanclıq, səhv etmə qorxusu, hörmətsizlik, özünü izolyasiya kimi xüsusiyyətlər formalaşdırır.
Başqaları üçün faydalı olmaq və mənalı həyat
Bu tip xoşbəxtliyin mənbəyi insanın daxilindədir, onun sevgi, yaxşılıq etmə, gözəllik yaratma və birlik arzularından irəli gəlir və daha sabit və uzun müddətli xarakter daşıyır. Bu tələbatlar insanı böyük nailiyyətlərə ruhlandırmaq gücünə malikdir. Birinci və ikinci səviyyədəki xoşbəxtlik insanları bir-birindən ayırırsa, üçüncü səviyyədəki xoşbəxtliyə meyl edən insanlar ümumi dəyərlər ətrafında birləşir. Mənalı həyata üstünlük verən insan yüksək dərəcədə empatiyaya malik olur, Mən-mərkəzçilikdən uzaqlaşaraq digər insanların çatışmazlıqlarını yox, onların müsbət cəhətlərini ön plana çıxarır, başqaları xoşbəxt olduqda o da xoşbəxt olur. Lakin heç kim mükəmməl deyil və biz başqaları ilə səmimi münasibət qurarkən özümüzü insan təbiətinin qüsurlarından irəli gələn zərbələrə məruz qoya, məyusluq və qısqanclıq kimi duyğuları yaşaya və ya yaşada bilərik. Çox vaxt biz bu cür zərbələrdən qorxub özümüzə qapanır, içimizdəki yaxşılıq etmək arzusunu sıxışdıraraq özümüzü xoşbəztliyin daha alt pillələrinə məhkum edirik. Halbuki bu zərbələrdən müdafiə olunmanın yolu geri çəkilmək yox, qorxularımızın üstünə gedərək xoşbəxtliyin daha yuxarı səviyyəsinə yüksəlməkdir.
Aydınlanma və sonsuz xoşbəxtlik
Yaşadığımız həyat, ünsiyyətdə olduğumuz insanlar, gördüyümüz işlər ideallarımız üçün kifayət etmədikdə biz dərin məyusluq duyğusu keçiririk. Bu məyusluq insanın transsendentlik və mükəməllik arzusunu ifadə edir. Biz sevgi, həqiqət, yaxşılıq, birlik və gözəlliyi sadəcə arzu etmirik, biz onların sonsuz və mükəmməl şəkildə olmasını istəyirik. Psixoloqlar bu transsendentlik arzusunu kainatla bütünləşmə arzusu adlandırır. Bəziləri bu arzuya yüksək mənəviyyat, özünüdərk, ibadət yolu ilə nail olmağa, digərləri isə fəlsəfə, sənət, elmi səylər vasitəsi ilə həyat və kainatın sirrlərini anlamağa çalışır. Bu arzuya nail olan insanlar hər cür qorxudan azad olur, bir növ heçlik mərtəbəsinə çatır. Onlar kainatla və bütün canlılarla bütünləşir, sevgi və sonsuz hüzur içərisində yaşayır.
Biz ancaq yüksələ bildiyimiz ən üst pillə və ondan aşağıdakı xoşbəxtlik səviyyələrini yaşaya bilərik. Təssüf ki cəmiyyətdə insanların əksəriyyəti öz həyatını xoşbəxtliyin ilk iki səviyyəsi ilə məhdudlaşdırır. Buna görə də bir-birimizə rəqib gözü ilə baxır, şübhə və narahatçılıqlar içərisində boğuluruq. Xoşbəxtliyin üst pillələrini yaşamaq üçün biz öz daxilimizə yönəlməli, arzu və qorxularımızın mənbəyini müəyyən etməli, özümüzə qarşı səmimi olmalı, digər insanları anlamağa çalışmalıyıq. İnsan öz varlığının üst pillələrinə yüksəldikcə eqonun hökmranlığından azad olur və onun xoşbəxtlik duyğusunun dərinliyi və davamlılığı artır. Varlığının zirvəsinə çatmış insan həyata müqavimət göstərməkdən əl çəkib onunla rəqs etməyə başlayır.