Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Uşaqlarda öyrənmə həvəsini artırmaq üçün 12 strategiya

Motivasiya daxili prosesdir. Heç kimə onu kənardan təlqin etmək mümkün deyil. Valideynlərin buraxdığı ən böyük səhvlərdən biri odur ki onlar öz motivasiyalarını uşaqlarına ötürməyə çalışırlar. Halbuki onlar üçün daxili motivasiyanı dəstəkləyən mühit yaratmaq lazımdır.

Motivasiyanın düsturu kifayət qədər sadədir: fəaliyyət + məmnuniyyət = motivasiya.

İnsan hər zaman stress və təzyiqlə müşayiət olunan fəaliyyətdən uzaqlaşmağa çalışır. Bir insanda hər hansı fəaliyyətə həvəs yaratmaq istəyirsinizsə onun üçün uğurlu olacağı mühit yaradın və özünü yaxşı hiss etməsini təmin edin. Bu, motivasiyanın daxili mühərrikini formalaşdıracaq. Özünüz motivasiyanızın yüksək olduğu vaxtları yadınıza salın. Təbii ki, bu sizin zövq aldığınız bir işlə məşğul olduğunuz zaman baş verib. Eyni qayda uşaqların öyrənmə prosesinə də aiddir. Təhsil və məktəb haqqında danışarkən “dərslərini oxu”, “çox çalış”, “məsuliyyətli ol”, “yüksək qiymət al” kimi əmr və xəbərdarlıq ifadə edən sözlərdən istifadə olunması təhsil prosesini stress və narahatlıq kimi neqativ duyğularla əlaqələndirir. Əksinə, “sənin dərs oxuduğunu görəndə çox sevinirəm”, “sənin çətinlik qarşısında geri çəkilməmən məni sevindirir”, “sənin maraqlı ideyaların var”, “özünü çox yaxşı ifadə edirsən” kimi pozitiv cümlələr uşaqları öyrənmyə həvəsləndirir.

Digər tərəfdən, əgər övladınızın uğurlu şagird və xoşbəxt şəxsiyyət olaraq yetişməsini istəyirsinizsə onun təhsilini məktəblə məhdudlaşdırmayın. Məktəbdə öyrədilən bilik və bacarıqlar uşaqların intellektual və sosial inkişafı üçün əhəmiyyətli olsa da, onların davranış modelləri, emosional və düşüncə şablonları əsasən ailədə formalaşır. Dolayısıyla, övladınızın bilik və ideyalar dünyasında uğurla yüksəlməsi üçün sizin dəstəyinizə ehtiyacı var. Ailədə stimullaşdırılan öyrənmə və kəşf etmə həvəsi onun təhsilində öz əksini tapacaq və akademik nəticələrinin yüksəlməsinə səbəb olacaq.

  1. Evdə oxuma mühiti yaradın

Mütaliə etməyi sevən uşaqlar öyrənməni də sevirlər. Oxumaqda çətinlik çəkənlər isə öyrənmə prosesində də çətinlik çəkir. Mütaliə edərkən uşaqlar söz ehtiyatını artırır, anlayışları qavrama və ünsiyyət qabiliyyətini gücləndirir. Rahat oxuyan uşaqlar riyaziyyat və təbiət elmləri də daxil olmaqla, bütün sahələrdə güclü öyrənmə qabiliyyəti əldə edirlər.

Övladlarınız üçün daim oxuma atmosferi formalaşdırın. Azyaşlılar üçün tez-tez nağıl və hekyələr oxuyun. Özünüz kitab və digər vəsaitlər oxumaqla onlara nümunə olun və evdə tez-tez hamının kitab oxuduğu oxu saatları təşkil edin. Evə daim yeni kitablar və digər çap materialları alın. Zaman-zaman oxuduğunuz maraqlı məqamları paylaşın və müzakirə edin.

Oxumanın maraqlı və əyləncəli bir fəaliyyət olduğunu nümayiş etdirin. Uşaqlar oxumanın darıxdırıcı olduğunu düşündükdə onların oxumağa marağı və dolayısıyla öyrənmə həvəsi aşağı düşür. Onlara öz kitablarını seçməyə izin verin, oxumalarına yardım edin və onu əyləncəyə çevirən fəaliyyətlər həyata keçirin.

  1. Uşağa qərar vermə və seçmə hüququ verin

Uşaqların təhsildən uzaqlaşmasının səbəblərindən biri onların həddindən artıq nəzarət altında olması və ya nəzarətdən tam kənarda qalmasıdır. Öyrənmə prosesində uşaqların yönləndirilməsi məqsədə uyğundur. Lakin onlar bu prosesi özləri idarə etməlidir. Evdə və ya məktəbdə uşaqların öyrənmə prosesinə bilavasitə tövhə verməsinə imkan yaradın, onlara seçim imkanı verin. Məsələn, yazı işinin mövzusunu uşağın özünün müəyyən etməsini, sinifdən kənar fəaliyyətlərin uşaqlar tərəfindən seçilməsini bunlara aid etmək olar. Öyrənmə mühiti, fəaliyyətləri və metodlarının formalaşdırılmasında uşaqlara nə qədər çox qərar və tövhə vermə imkanı verilərsə, onların bu prosesə marağı və motivasiyası bir o qədər yüksək olar.

  1. Açıq və səmimi ünsiyyəti təşviq edin

Övladınızın və ya şagirdinizin öz təhsil prosesi və bəzi ailə məsələləri haqqında fikrlərini söyləməsini stimullaşdırın. Onun bu prosesdə nəyi bəyənib, nəyi bəyənməməsini ifadə etməsi üçün açıq ünsiyyət atmosferi yaradın. Razı olub-olmamağınızdan asılı olmayaraq fikirlərini ciddi qəbul etdiyinizi göstərin, mümkün qədər dəstəkləyin. Uşaqlar fikirləri ciddiyə alınmadıqda, və ya sıxışdırıldıqda öyrənmə prosesindən soyuyurlar. Uşaqlar və yeniyetmələr fikirlərinin əhəmiyyətli olduğunu biləndə və mühakimə olunma, aşağılanma, diqqətdən kənar qalma qorxusu yaşamadan onları açıq şəkildə ifadə edəndə öyrənmə qabiliyyətləri inkişaf edir.

  1. Əsas diqqəti uşağınızı maraqlandıran sahələrə ayırın

Öyrənmə prosesinə uşaq üçün nə qədər çox maraqlı olan sahə və mövzular daxil olarsa, bu proses onun üçün bir o qədər əyləncəli olar. Əgər uşağınızın həqiqətən də yaxşı şagird olmasını istəyirsinizsə, onu daha çox cəlb edən mövzu və fənnlərlə məşğul olmasına dəstək verin. Məsələn, əgər onu dinozavrlar maraqlandırırsa, onu bu mövzuya aid kitablar, hekayələr, filmlər, oyuncaqlar və digər vəsaitlərlə təmin edin. Sonra ondan özünün ən çox sevdiyi beş dinozavrı saymasını və nəyə görə məhz onları seçdiyini izah etməsini istəyin. Uşaq adətən özü üçün maraqlı və əyləncəli mövzuları dərindən araşdırır, bu isə onda araşdırma və öyrənmə qabiliyyətini gücləndirir və daha sonra digər sahələrdəki öyrənməsinə də müsbət təsir edir.

  1. Müxtəlif öyrənmə tiplərindən istifadə edin

Hər bir uşağın daha yaxşı öyrənməsi üçün onun qavrama tipini müəyyən etmək vacibdir. Bəzi uşaqların dominant qavrama tipi vardır, bəziləri isə öyrənərkən müxtəlif tiplərdən itisfadə edir. Uşaq üçün daha rahat olan öyrənmə tiplərini müəyyən etməklə düzgün metodlardan istifadə edərək onun qavrama dərəcəsini və öyrənmənin keyfiyyətini artırmaq olar. Vizual (görmə), eşitmə, kinestetik (təcrübə), oxuma-yazma, məntiqi, sosial (qrup), tək və s. öyrənmə tipləri var. Məsələn, vizual tipli qavramaya malik uşaqlar prosesləri gözlə müşahidə etdikdə daha yaxşı başa düşürlərsə, eşitmə tipli uşaqlara mövzuları dinləmə və ya sözlü izah yolu ilə başa salmaq daha düzgündür. Adətən uşaqlar mövzulardan asılı olaraq bir neçə tipdən istifadə edirlər. Xüsusən aşağı yaşlı uşaqlar üçün müxtəlif öyrənmə tiplərinin müəyyən olunub tətbiq edilməsi daha məqsədə uyğundur.

  1. Özünüz də daim yeni şeylər öyrənməyə həvəs göstərin

Həvəs yoluxucudur. Nahaq yerə deməyiblər ki, uşaqlar valideynlərindən nümunə götürürlər. Uşaqlara müsbət təsir etmənin ən yaxşı yolu özünüzdə müsbət dəyişikliklər etməkdir. Əgər siz daim inkişafa və öyrənməyə həvəsli olsanız, mütləq uşağınızın da öyrənməyə həvəsi artacaq. Sizi maraqlandıran hər hansı sahədə, məsələn, tarix, elm, ədəbiyyat, riyaziyyat və ya digər sahələrdə yeni araşdırmalar aparın, kitablar oxuyun, təcrübələr keçirin və uşağınıza öyrənmənin sonsuz həyəcan verən bir səyahət olduğunu nümayiş etdirin. Uşağa təzyiq etmədən və onu sıxmadan birlikdə hər hansı bir mövzunu işləmək və ya nəsə kəşf etmək şansını əldən buraxmayın. Övladınız öyrənmənin sizin həyatınıza gətirdiyi əyləncə və həyəcanı gördükdə onda da yeni şeylər öyrənmək həvəsi güclənəcək.

  1. Oyunlar vasitəsilə əyləncəli öyrənmə

Oyuna əsaslanan öyrənmə xüsusən qərb ölkələrində uzun zamandan bəri tətbiq olunan metoddur. Bu metod uşaqlar üçün daha dərindən öyrənmə və qeyri-bilik bacarıqlarının inkişafna imkan yaratmaqla yanaşı, həm də onların öyrənmə motivasiyasını artırır. Oyunun əyləncəli (məsələn, video oyunlar) və ya “ciddi” (məsələn, hərb oyunu) xarakter daşımasından asılı olmayaraq, bu prosesdə beyin yeni sistem öyrənmənin zövqünü yaşayır və orqanizmdə dopamin adlı məmnuniyyət ötürücüləri aktivləşir. Əyləncəli oyunlar uşaqlarda öyrənmə prosesində iştirak etmə həvəsini artırır.

Oyuna əsaslanan öyrənmə həm də qrupla birlikdə öyrənmə motivasiyasını artırır ki, bu da sinif şəraitində təhsil prosesinə müsbət təsir edir. Uşaqlar adətən oyun zamanı öz potensiallarından dərsə nisbətən daha çox istifadə edirlər. Oyunlar onlar üçün daha cəlbedicidir. Oyunların rəqabət tərəfi də var. Bu zaman uşaqlar özləri və ya komanda üçün, yaxud komandaya yenidən cəlb olunma şansı qazanmaq üçün mübarizə aparmağa, xal toplamağa və qalib gəlməyə çalışırlar.

Oyuna əsaslanan öyrənmə valideynlər və müəllimlər üçün yeni fikirləri, qrammatik anlayışları və ya bilikləri öyrənməyə həvəsləndirəcək şəkildə tətbiq etmək üçün gözəl imkan yaradır.

  1. Diqqəti uşağın qiymətlərinə yox, öyrəndiyi mövzulara yönəldin

Uşaq dərsdən evə gəldikidə ondan qiymətlərini soruşmaq əvəzinə, bu gün nə öyrəndiyini soruşun və hətta öyrəndiklərini sizə də öyrətməsini istəyin. Diqqəti uşağın nəticələrindən çox, onun öyrəndiyi mövzulara yönəldin. Nəticələr vacib olsa da, diqqəti onun öyrənmə prosesinə yönəltdikdə siz ona həqiqi öyrənmənin qiymətlərdən daha əhəmiyyətli olduğunu, nəticələrdən çox onun özü ilə maraqlandığınızı hiss etdirirsiniz. Eyni zamanda, uşağın öyrənmə prosesinə diqqət ayırdıqda siz ona öyrəndiklərini öz sözləri ilə ifadə etmək və biliklərini möhkəmləndirmək imkanı yaradırsınız.

  1. Uşağınıza nizamlı olmaqda yardım edin

Uşağın dəftər-kitabını, ləvazimatını və ev tapşırıqlarını nizama salmaqda ona yardım etməniz onun öyrənmə motivasiyası baxımından çox əhəmiyyətlidir. Nizamsızlıq kiçik yaşlı məktəblilər üçün xarakterik cəhət olsa da, bir sıra hallarda bu, uşaqların beynində həddən artıq yüklənmə duyğusu yaradır. Beyin yüklənməsi hiss edən uşaqlarda məyusluq və narahatlıq duyğuları yüksəlir, bu isə öz növbəsində onların dərslərə daha az vaxt ayırmasına səbəb olur. Davamlı şəkildə və səbrlə uşağınızın məktəb ləvazimatını və ev tapşırıqlarını nizama salmasına yardım edin. Bu halda o daha az yorğunluq hiss edəcək və öyrənmə motivasiyası yüksələcək.

  1. Onun nailiyyətlərinin fərqinə varın və onları qeyd edin

Miqyasından asılı olmayaraq, uşağın nailiyyətinin fərqinə varılması və onun qeyd edilməsi çox əhəmiyyətlidir. Xüsusən ibtidai məktəb şagirdləri öyrənmə motivasiyalarını yüksək tutmaq və irəliləmək üçün bu cür davamlı dəstəyə ehtiyac duyurlar. Burada ortabab nəticələrin təriflənməsi yox, nailiyyətin fərqinə varılması və qeyd edilməsi nəzərdə tutulur. Hansısa çətin ev tapşırığının yerinə yetirilməsi valideyn tərəfindən qeyd olunmağa layiqdir. (Diqqət!!! Uşaqları dərs nəticələrinə görə mükafatlandırarakən ehtiyatlı olmaq lazımdır. Mükafatdan sui-istifadə uşaqlarda dərsin özü-özlüyündə dəyərsiz olduğu fikrini yarada bilər və onlar əsas məqsədin mükafat almaq olduğunu düşünə bilərlər. Təhsildə mükafat məsələsi ilə əlaqədar ayrıca məqaləmizi yaxın vaxtlarda təqdim edəcəyik.)

  1. Diqqəti onun güclü tərəflərinə yönəldin

Həddindən artıq zəif və bir çox fənndən çətinliyi olan uşaqların güclü cəhətlərini tapıb onlara yönəlmək kifayət qədər çətin ola bilər. Buna baxmayaraq, uşağın güclü cəhətlərinə diqqətin yönəldilməsi onun sağlam emosional və akademik inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Bu, uşaqların davamlı öyrənmə motivasiyasını yüksəldən digər pozitiv dəstək formasıdır. Əksinə, diqqətin uşağın zəif cəhtlərinə yönəldilməsi onun ruhdan düşməsinə, sıxılmasına və öyrənmə arzusunu itirməsinə səbəb ola bilər. Məsələn, əgər uşaq riyaziyyat imtahanından zəif qiymət alıbsa, təbii ki, ona bu fənn üzrə müəyyən əlavə dəstək verilməlidir. Lakin bununla yanaşı, başqa bir fənndən aldığı yaxşı qiymət münasibətilə də onu təbrik etməyi unutmayın.

  1. Hər gün öyrənməni təşviq edin

“Hər gün öyrənmə” qəribə səslənsə də, əslində düzgün tətbiq edildikdə kifayət qədər səmərəlidir. Mümkün olduğu hər an uşağı ətraf aləmi tədqiq etməyə həvəsləndirin, ona suallar verin və məntiqi əlaqələr qurun. Ona gördüklərini və yaşadıqlarını kateqoriyalara ayrımaqda, təsnif etməkdə və tənqidi düşünməkdə yardım edin. Bu yanaşma uşaqda sinif, ev və digər yerlərdə də öyrənmə üçün daxili motivasiyanı artıracaq.

Yekun

Uşaqların əslində öyrənmək üçün motivasiyaya ehtiyacı yoxdur. Anadan olduğu gündən bəri onlar zatən yaşadıqları dünyanın mənasını anlamağa çalışırlar. Sərbəstlik hiss edən, maraqlandığı mövzuları araşdırmağa həvəsləndirilən uşaq yaşından asılı olmayaraq öyrənmə prosesində mütləq yüksək motivasiya nümayiş etdirəcəkdir. Biz isə onlara öz fikrimizi təlqin etməkdənsə özlərinin daxili motivasiyalarını formalaşdırmalarına şərait yaratmalıyıq.