Uşaqlarda aqressiv davranış və valideynlərə tövsiyələr
Aqressiv davranış – kiməsə və ya nəyəsə zərər verməyə yönəlmiş fiziki və ya verbal (şifahı) davranışdır.
Uşaqlarda aqressiv davranışın səbəbləri nələrdir?
Uşaq hər hansı bir şeydən qorxursa;
Aqressiv davranışla diqqət cəlb etməyə çalışırsa;
İstədiyi bir şeyi əldə edə bilmədikdə aqressiv davranışla onu əldə etməyə çalışırsa ;
Uşaqda aqressiya "öyrənilmiş" davranış kimi formalaşıbsa (valideynlər və ya böyüklərdən, film və cizgi filmlərindən aqressiv davranış nümünəsi görüb və götürübsə);
Uşağın sadəcə yorğun olması;
Əgər uşaq fiziki və ya ruhi acı çəkirsə;
Sağlamlığında problemlər varsa və s.
Uşaq aqressiv davrandığı zaman valideyn nə etməli:
1. Hər şeydən öncə, öz davranışınızı və ailə üzvləri arasındakı əlaqələrin üslubunu təhlil edin. Uşaqlar valideynlərinin davranışlarını təqlid edirlər.
2. Uşağı qalmaqallardan və ictimai mübahisələrdən uzaq tutmağa çalışın. Onlar bu davranışı mənimsəyə bilər.
3. Onunla mümkün qədər çox vaxt keçirin, ailəarası qaydalarınızı: birlikdə aktiv oyunlar oynamaq, kitab oxumaq, birlikdə gəzintilərə getmək və s.müəyyən edin.
4. Uşaqla öz təcrübənizi paylaşın: ona öz uşaqlığınızdan, çətinliklərdən, sevincli günlərinizdən, səhvləriniz və həyəcanlarınız haqqında danışın; uşaqlara öz valideynlərinin həyatından hekayələri dinləmək maraqlı olur.
5. Əgər ailədə birdən çox uşaq varsa, onların hamısına birlikdə deyil, ayri-ayri diqqət yetirin. Belə davranışla uşaqlarınız arasında sizin diqqətinizi çəkmək üçün rəqabət yaranmayacaq.
6. Nə etmək lazım olmadığını söyləmək əvəzinə, necə etmək lazım olduğunu söyləyin.
7. Kənar insanların, xüsusiylə də, qohumların yanında uşağın aqressiv davranışlarını müzakirə etməyin.
8. Uşağınıza dalaşmağın, qışqırmağın, başqalarının oyuncaqlarını və ya hər hansı əşyasını icazəsiz götürməyin düzgün davranış olmadığını izah edin. Əksinə, yeni insanlarla dostluq etməyi, oyuncaqlarını paylaşmağı öyrədin. Övladınıza ondan hansı davranışı gözlədiyinizi bildirin və sevginizi əksik etməyin: qucaqlayın, öpün, sevdiyinizi bildirin.
9. Övladınıza emosiyalarını düzgün ifadə və idarə etməyi öyrədin.
Yuxarıda göstərilən tövsiyələr uşağınızın aqressiv davranış problemini həll etmək üçün kifayət olmazsa, bu davranışın səbəblərini müəyyənləşdirmək üçün mütəxəssisə müraciət edə bilərsiniz. Mütəxəsissin köməyi ilə o, davranışının səbəblərini anlamağa, hiss və emosiyalarını şüurlu şəkildə dərk etməyə və neqativ emosiyaları idarə edərək onları qəbul edilən və daha təhlükəsiz formada ifadə etməyə öyrənə bilər.
Uşaqların aqressiv davranışlarının arxasında həmişə acı, inciklik və ya məyusluq durduğunu ağlımızda tutsaq, bizə də övladımızı başa düşüb, öz aqressiv davranışlarımızı və emosiyalarımızı idarə edərək ona dəstək olmaq daha rahat olar.