Uşağın valideynin güvənini itirmə qorxusu
Hər bir insanda uşaqlıqdan valideynlərinə qarşı təbii güvən hissi formalaşır. Uşaq böyüdükcə valideynin ona qarşı gözlənti və tələbləri də artır. Bəzi valideynlər uşağdan öhdəsindən gələ bilməyəcəyi məsuliyyətləri tələb edir. Bu zaman uşaq valideynin güvənini itirmək qorxusu yaşadığı üçün uğursuz cəhdlər edə bilər. Uşağın valideynin güvənini itirmə qorxusu bir çox xoşagəlməz hallara və fəsadlara gətirə bilər.
Valideyn güvənini itirmək qorxusu necə yaranır, hansı fəsadlara gətirə bilər və bu qorxunu azaltmaq üçün nə etmək olar?
Yaranma səbəbləri və fəsadlar:
- Avtoritar tərbiyə tərzi.
Adətən böyük məsuliyyətlər tələb edilən və ciddi müşahidə altında olan uşaqlar hər zaman düşünürlər ki, hər hansı bir məsuliyyəti düzgün yerinə yetirə bilməmək valideyni məyus edib onlarda güvən hissini itirəcək.
- Hiper-qayğı tərbiyə tərzi.
Valideyn həddindən artıq sevgi, qoruyucu, diqqətçil və qayğıkeş davranış nümayiş etdirdikdə, uşaq ilə valideyn arasında emosional əlaqə lazım olandan daha güclü olur və uşaq valideynin hər hansı bir məsələyə kədərlənməsini sakit qəbul edə bilmir. Bu kədərin səbəbinin uşağın özü olması isə onun öz aləmini dağıtmağa bərabər bir hadisədir.
- Valideynin manipulyativ davranışı.
Manipulyativ davranış qarşı tərəfdə günah və vicdan hissləri oyadaraq öz istədiyi nəticəyə nail olmaqdır (məsələn, “heç gözləməzdim ki, mənim uşağım evdən otağını təmizləmədən çıxa bilər” cümləsi uşaqda vicdan hissi oyadaraq bundan sonra hər zaman otağını təmizləməyə vadar edir). Uşağınızın sərbəst və uğurlu şəxs kimi böyüməsini istəyirsinizsə, manipulyativ davranışdan uzaq durmağa calışın. Manipulyasiyalara məruz qalan uşaq valideynin gözləntilərinə uyğun ola bilməyərək onu məyus etməkdən qorxur.
- Perfeksionist-valideynlər.
Hər şeydə ən mükəmməlinə can atan perfeksionistlər uşaqlarını bir layihə kimi qiymətləndirib onun da hər şeydə mükəmməl olması üçün əllərindən gələnləri etməyə çalışırlar. Bu yüksək tələblər uşaqlar üçün əlçatmaz ola bilər və bu halda onlar nə qədər çalışsalar da valideynləri onları heç bir zaman uğurlu hesab etməyəcək. Nəticədə, uşaqda valideyni məyus etmək qorxusu ilə birgə, səhv etmə qorxusu və özgüvən əksikliyi formalaşmağa başlayır.
Valideynin güvənini itirmək qorxusu bir sıra problemlərin yaranmasına səbəb ola bilər:
- uşağın özgüvəninin aşağı düşməsi;
- səhv etmə qorxusunun yaranması; bu qorxu isə öz növbəsində risk almaq; təşəbbüs göstərmək, hər hansı bir işə başlamaq qorxusunu şərtləndirir, nəticədə uşaq həyatında heç bir ciddi nailiyyət qazanmaya bilər;
- autoaqressiyanın (özünə yönlənmiş aqressiya) formalaşması; bu isə öz növbəsində uşağın özünə xəsarət yetirməsinə (özünü dişləmə, kəsmə və hətta intihar) gətirə bilər;
- tez-tez və hətta ona aid olmayan məsələlərdə belə özünü günahlandırma; nəticədə bu bir çox psixoloji (klinik depressiya, bipolyar və nevrotik pozuntular, fobiyalar və s.) və psixo-fizioloji (qida qəbulunun pozuntuları, ürək-damar sistemi və tənəffüs yolları ilə əlaqədar problemlər) problemlərə səbəb ola bilər.
Hər zaman uşağınıza sevgi, hörmət və qayğınızı göstərin!
Danışaraq hisslərinizi və fikirlərinizi bölüşün ki, problemli hallar yığılıb daha böyük fəsadlara səbəb olmasın.