Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Uşağım niyə yalan danışır. 1-ci hissə

Yalanın şirinindən, doğrunun acısı dadlıdır.

Hər bir valideyn, bir dəfə də olsa, övladının hər hansı bir mövzuda yalan danışdığının şahidi olub. Yalan dedikdə, adətən, bilərəkdən deyilmiş, lakin həqiqətə uyğun olmayan ifadə nəzərdə tutulur. Bu vərdiş, əksər hallarda, uşaqlıqdan formalaşır. Övladının yalanına bir neçə dəfə şahid olan valideyn özünə “mənim uşağım niyə yalan danışır?” sualını verməlidir. Heç bir şey səbəbsiz olmadığı kimi, yalan da səbəbsiz deyil, uşağı buna sövq edən amillər mütləq vardır. Onları müəyyən edərək kökündə duran səbəbi aradan qaldırmaq yalan danışma vərdişinin özü ilə mübarizə aparmaqdan qat-qat effektiv nəticələr verər.

Yalana meyilliliyin bir çox səbəbi ola bilər:

  • Ailə faktoru. Əgər uşaq, bir dəfə də olsa, valideyninin yalan danışdığına şahid olarsa, bunu normal bir davranış kimi qəbul edərək vərdiş halına çevirə bilər. Yəni uşaqlar yalan danışmağı adətən böyüklərdən öyrənir.
  • Cəzalandırılma qorxusu. Yaşdan asılı olmayaraq, yalan danışmağın əsas səbəblərindən biri qorxudur - həqiqəti danışdıqda əks tərəfin verə biləcəyi reaksiya qarşısında qorxu. Əgər valideyn uşağın hər etdiyi səhvə və hərəkətə görə üstünə qışqırır və danlayırsa, o zaman uşaq özünü cəzadan qorumaq məqsədi ilə yalan danışır, başqa sözlə desək, yalan danışaraq özünü müdafiə edir.
  • Sevilmə və xoş təəssürat yaratma istəyi. Hər insan kimi, uşaq da digərləri tərəfindən sevilmək, bəyənilmək, qayğı görmək və onlar üçün dəyərli olduğunu hiss etmək istəyir. Bu həm ailədə, həm məktəbdə, həm də dostlarının əhatəsində keçərlidir. Ən çox ibtidai və yuxarı sinif yaşlarındakı uşaqlarda müşahidə olunan yalan növlərindən biri də məhz inam və sevgi qazanmaq üçün söylənilən yalanlardır. Səhv etdikdə və ya qeyri-qənaətbəxş nəticə aldıqda bunu anlayır, qarşısındakı bunu öyrənərsə ona qarşı sevgisinin azalacağından qorxaraq yalan danışır. Hər kəs tərəfindən sevilmək və həmin sevgini qazanmaq istəyi bu kimi davranışlara səbəb olur. Buna nümunə olaraq, məktəbdən şikayətlərin gəlməsinə baxmayaraq, valideyninə qiymətlərinin yaxşı olması barədə danışması, bu halda gündəliyini göstərməmək üçün fərqli bəhanələr gətirməsi, yaxud da qarşı cinsin və dostların diqqətini cəlb etmək məqsədi ilə ailəsinin maddi durumunu reallıqdan daha yaxşı kimi qələmə verməsi və s. buna bənzər hallar gətirilə bilər. Bəzən də olur ki, uşağın sevildiyini bilmə tələbatı kifayət qədər ödənmir və bu onu “duran yerdə” yalan danışmağa vadar edir. Beləliklə, burada uşaqların ailə üzvlərindən nəvaziş və qayğı görmək üçün tez-tez özünü xəstəliyə vurması (bu qənaətə, yalnız uşağın həqiqətən də xəstə olmadığından əmin olmaq üçün bütün zəruri addımları atdıqdan sonra gəlmək olar) nümunə gətirilə bilər və bu da önəmli siqnallardan biridir. 

Bu ehtiyacların ödənməsində ilk və ən önəmli rolu valideynlər oynayır, çünki ən kiçik yaşlardan başlayaraq, uşağın bu ehtiyacların ödənməsi ilə bağlı gözləntiləri məhz valideynlərə yönəlik olur. Bu da psixoloji rifahlı şəxsin formalaşmasında önəmli addımlardandır. 

Burada biz sizinlə uşaqların yalan danışmasının səbəblərini araşdıraraq valideynlərin qaçınmaları gərəkən davranış strategiyalarını ümumi formada gözdən keçirdik.

Məqalənin ikinci hissəsində sizi bu problemin həllində effektiv olan praktik davranış müddəaları ilə tanış edəcəyik.