Valideynlər çox vaxt övladlarının oxumamasından şikayətlənirlər. Bəlkə də bu, elektron cihazların (telefon, kompüter, planşet və s. qurğular) həyatımıza göstərdiyi təsirin nəticəsidir. Bununla belə, elektron cihazların meydana çıxmasından əvvəl də əksər uşaqların kitaba qarşı maraqları zəif idi.
Aydındır ki, uşaqlar valideynlərinin davranışlarını təkrarlayırlar. Evdə uşaqların valideynlərini kitab oxuyarkən görməsi vacib amillərdən biridir. Yəni valideynlər özləri oxumursa, uşaqlar da oxumayacaqlar.
Uşaqla iki yaşından ən azı 5-10 dəqiqə kitab oxumağa başlaya bilərsiniz. İlk olaraq uşağın diqqətini cəlb etmək çətin olsa belə, artıq 3 yaşında o sizin oxuduğunuzu 20 dəqiqə ərzində dinləyə biləcək. Oxuduğunuz kitabları emosiyalarınızla ifadə edə və ya oxuma prosesini oyuncaqlarla oynayaraq eyni zamanda həyata keçirə bilərsiniz. Bütün bunlar uşağın diqqətini cəlb edəcək. Uşaq böyüdükçə onunla birlikdə kitab oxumağı tələb edən oyunlar oynaya bilərsiniz.
Məsələn, valideyn kiçik bir hədiyyəni gizlədir və uşaq onun harada olduğunu öyrənmək üçün kağızda yazılan yazını oxuyaraq tapmalıdır. Beləliklə, uşaq oyun zamanı oxumağı öyrənməyə başlayır. Bu işin yarısıdır, çünki əsas məqsəd uşağın oxumasıdır.
Uşaq böyüdüyündə artıq ona kitablar ala bilərsiniz, lakin mütləq şəkildə uşağın marağı olan kitablara üstünlük verməlisiniz. 4-5 yaşlarında uşağınızla birlikdə kitab oxumağınız məsləhətlidir. Birgə kitab oxumaq valideyn-övlad münasibətlərini gücləndirir.Uşağınızın eyni kitabı bir neçə dəfə təkrar oxuması normaldır, bu halda uşağı yeni kitablar oxumağa məcbur etmək lazım deyil.
Kitab oxuyarkən özünüz müəyyən etdiyiniz kiçik “qayda”lardan istifadə edə bilərsiniz. Məsələn, birlikdə oxumağa başladıqdan əvvəl çay dəmləyə və ya ilıq süd süzə bilərsiniz. Həmçinin şam və ya lampa yandıra və ya xalçada kitab oxuya bilərsiniz. Müəyyən təkrarlardan sonra siz çay dəmləməyə başlayan kimi və ya xalçaya oturan kimi uşağınızın artıq kitabla sizə tərəf qaçdığını görəcəksiniz. Bir yerə getdiyiniz zaman - yolda olarkən, onunla oxuduğunuz kitablarda olan hekayələr haqqında danışaraq vaxtınızı səmərəli və faydalı keçirməyiniz də əyləncəli ola bilər.
Uşaqların kitaba qarşı marağını artırmaq və həvəsləndirmək əslində çox sadədir. Sadəcə bu, təkrarlanan bir fəaliyyətə çevrilməli və özünüz də kitab oxuyaraq ona nümunə olmalısınız.