Gənclər ailədə, məktəbdə, şəxsi həyatda tez-tez müxtəlif problemlərlə qarşılaşırlar. Bu problemlər isə öz növbəsində onlarda uğursuzluq qorxusunun baş qaldırmasına səbəb ola bilər. İnsanların uğursuzluqdan qorxma səbəblərindən biri iş mühitində və ya məktəbdə xüsusilə nəzərə çarpan ictimai fikir qorxusudur. Əsasən, uğursuzluqdan qaçma motivi yeniyetmələrdə bir tərəfdən riskə həddindən artıq meyllilik, digər tərəfdən isə ümumiyyətlə risk etməmək şəklində təzahür edə bilər.
Uğursuzluq qorxusu təməli kiçik yaşlarda formalaşmış çətin vəziyyətdir. Onun formalaşma dinamikası müxtəlif yaş dövrlərində inkişafa təsir edən aşağıdakı sosial situasiyalarla əlaqədardır:
Uşağın erkən yaşından sərbəstliyə cəhd göstərməsinin valideyn tərəfindən məhdudlaşdırılması;
Evdə etdiyi kiçik intizamsızlıqlara görə valideynlər tərəfindən uşağın tez-tez və ağır cəzalandırılması;
Məktəbəqədər yaşda uşağın təşəbbüsünün valideynlər tərəfindən həddindən artıq məhdudlaşdırılması;
Məktəbdə yaxşı oxuması üçün uşağa münasibətdə həddindən artıq tələbkarlıq, qiymətlərə görə qınama;
Natamamlıq hissinin formalaşması;
Şagirddə cəzalanma qorxusu ilə əlaqədar uqursuzluqdan qaçma motivasiyasının yaranması;
Məktəbdə və diqər uşaq kollektivlərində yaranan bullinq (dışlama);
Gəncin həmyaşıdları tərəfindən tənqid olunması.
Bəzi tanınmış insanlar da öz həyatlarında bir çox manelərlə qarşılaşıblar. Bəzən onların vəziyyəti o qədər pis olub ki, təslim olmaq və geri çəkilmək barədə düşünüblər. Lakin buna baxmayaraq, inadkarlıq və çalışqanlıq kimi keyfiyyətləri onlara zirvələrə çatmağa kömək edib və bu gün onların hekayələri milyonlarla insanı ruhlandırır. Onlardan biri Volt Disneydir. O, dəfələrlə uğursuluqla qarşılaşıb. Rəvayətə görə layihəsinə sərmayə qoyuluşu üçün müraciət etdiyi investorlar Disneyə 302 dəfə imtina ediblər. Lakin o, addım-addım çatışmazlıqlarını aradan qaldıraraq, Volt Disney şirkətini yaratmağa müvəffəq oldu. Bu şirkət hazırda milyardlarla dollar dəyərində qiymətləndirilir.
Aktyor Silvester Stallone Hollivudun ulduzu olmazdan əvvəl o qədər kasıb idi ki, hətta həyat yoldaşının zinyət əşyalarını satmaq məcburiyyətində qalmışdı. Maliyyə vəziyyəti o qədər pisləşmişdi ki, o, öz itini belə şərab mağazasında $25-a satmışdı. Stallone o günləri xatırlayarkən deyirdi ki, o günə qədər özünü heç vaxt bu dərəcədə pis hiss etməmişdi. Sonra o «Rokki» filmində baş rolu oynamaq haqqı qazandı. Hekayənin bundan sonrakı hissəsi isə hamıya məlumdur.
İlk gəliri ilə o, itini 15 min dollara yenidən satın alıb, evinə, ailəsinə qaytardı.
Səhvlərə qarşı münasibəti dəyişmək uğursuzluq qorxusundan qurtulmağa kömək edir. Biz uğursuzluqlarımızı adətən sevmirik, amma əslində onlar həm də bizim təcrübəmizdir.
Uşaq təkrar-təkrar yıxılmasa gəzməyi necə öyrənə bilər?
Heç kim mükəmməl deyil, hər kəsin həyatında uğursuzluqlar olur. Uğursuzluğa görə özünüzü davamlı olaraq günahlandırmaq düzgün deyil. Yaşadığınız təcrübədən gələcəkdə eyni səhvləri təkrarlamamağı öyrənə bilərsiniz.