Tənhalıq hissinin öhdəsindən gəlməkdə yeniyetməyə necə köməklik göstərmək olar?
Tənhalıqyeniyetməlik dövründə ortaya çıxan tamamilə normal bir hissdir. Yaşına görə yeniyetmələr çox həssas olur və buna görə də öz fikir və düşüncələrini rahatlıqla ifadə edə bilmirlər.
Bir yeniyetmə ilə ünsiyyət zamanı ona tənhalığın insan üçün bəzən çox faydalı ola bildiyini izah etmək olar. Beləliklə, o, yaranan vaxtdan səmərəli istifadə edərək, haqqında çox eşitdiyi kitabı oxuya, musiqiyə qulaq asa, yeni musiqi əsərləri tapa, ev heyvanı bəsləyə, çoxdan unudulmuş hobbisi ilə məşğul ola və s. vaxtını maraqlı və faydalı keçirmə üsulları tapa bilər. Eləcə də, yeni növ məşğuliyyətlər taparaq maraq dairəsini genişlətmək də faydalıdır. Ən əsası, yeniyetməyə izah etmək lazımdır ki, o, problemi haqqında danışmaqdan qorxmamalıdır, çünki hər kəsin problemləri var və onlar hamısı həllolunandır. Ona hər bir insanın unikal və özünəməxsus şəkildə maraqlı olduğunu da xatırladın.
Məktəb və ya digər təhsil müəssisələrinə gəldikdə:
sinif kollektivinin birlik olması üzərində işləmək;
təlimlər, qrup səfərləri, ümumi komanda yarışlarını keçirmək lazımdır.
Valideynləryeniyetməyə kömək etməli və dəstək olmalıdırlar. Ailə münasibətlərini müşahidə etməli, çətinliklər yarandıqda yenidən nəzərdən keçirib yaranan problemin həll yolarını axtarmalıdırlar. Valideynlər öz övladlarının yanında olduqlarını, lazım gəldikdə ona kömək etməyə və dəstək olmağa hazır olduqlarını hiss etdirməli və göstərməlidirlər. Eyni zamanda, onun sərbəstliyini, problemlərin həllində təşəbbüskarlığını, həmyaşıdları ilə münasibətinin qaydaya salınması üzərində işləməsini təşviq etməli, maraq dairəsinə aid məşğələlər tapmaqda yol göstərməlidirlər. Etibarlı münasibət, düzgün ünsiyyət, birgə vaxt keçirmə və s. ailə üzvləri arası əlaqəni yaxınlaşdıran və möhkəmləndirən addımlar xoşbəxt ailə münasibətlərinin önəmli məqamlarındandır.
Övladlarınızla vaxt keçirin: məktəbdə necə vaxt keçirdiyi, dostları ilə münasibətlərinın necə olması, problem yarandıqda, onu necə həll etdiyi, bu vəziyyətdə özünü necə hiss etdiyi və s. önəmli məqamlarla maraqlanmağınız övladınızla düzgün münasibət yaratmağınıza kömək olacaq.
Yadda saxlamaq lazımdır ki, bəziləri üçün tənhalıq aktiv yaradıcılıq və özü ilə ünsiyyət qurmaq üçün bir fürsət ola bilər.