Təhsilin şəxsi mənası
Təhsilin şəxs üçün mənası (mahiyyəti) dedikdə şagirdin təhsilə qarşı olan şəxsi münasibəti, onu özünə, təcrübəsinə və həyatına tətbiq etməsi başa düşülür. Müxtəlif yaşlı məktəblilər üçün təhsilinşəxsi mənası fərqli olur. Buna görə də müəllimin tədrisin məzmun və metodlarını şagirdin yaş xüsusiyyətini nəzərə alaraq təhlil etməsi zəruridir. Məhz yeniyetməlik dövründə uşağın idealı və peşəkar niyyətləri ilə əlaqədar yeni öyrənmə motivləri meydana çıxır və təhsil şəxsi məna kəsb etməyə başlayır.
Təhsilin mahiyyətinin anlaşılması və şəxsi əhəmiyyətinin dərk edilməsi biliklərin mənimsənilməsi prosesi zamanı avtomatik olaraq baş vermir.
Uşaq məktəbə qəbul olduğu zaman onun sosiallaşmasında təhsil fəaliyyətinin mənimsənməsi və universal tədris davranışlarının formalaşması əsas amillər kimi çıxış edir. Bununla yanaşı, şagirddə təhsil müddətində şəxsiyyətlərarası münasibətlər formalaşır. Məhz bunun sayəsində uşağın emosional və sosial həyatı inkişaf edir, özü və başqalarının onun haqqında nə düşündükləri barədə fikirləri formalaşır. Çeşidli məlumat məkanında olan müasir tələbə təlimin mənasını müəyyən etməyə çalışır. Müəllim tələbəyə öyrənilən mövzunun mənasını tapmasına və təcrübə qazanmasına yardım edir, xüsusi seçilmiş öyrənilən materialın köməyi ilə onu təlim fəaliyyətinə cəlb edir.
Təhsil fəaliyyətinin məzmunu şagirdin dərs prosesi zamanı mənimsəməli olduğu məzmundan asılıdır.
Uşaqlar üçün təlimin mənası ətraf mühitdən (cəmiyyət, ailə və s.) mənimsədikləri ideallar və dəyərlər sistemi ilə müəyyən edilir. Bunun sayəsində məktəbə başlamazdan əvvəl artıq uşaqda təhsil fəaliyyəti barədə müəyyən fikir formalaşır. Lakin orta məktəbdə təhsil müddətində uşaqda öyrənmənin mənası əhəmiyyətli şəkildə dəyişikliklərə məruz qala bilər. Onun mahiyyəti aşağıdakı məqamlardan ibarətdir:
- uşağın öyrənmənin cəmiyyətdə formalaşmış və öz sosial çevrəsində və ailəsində qəbul edilmiş mənəvi dəyərlərə əsaslanan obyektiv əhəmiyyətini dərk etməsi;
- uşağın öyrənmənin şəxsən özü və istəkləri baxımından əhəmiyyətini dərk etməsi və həyatını buna uyğun tənzimləməsi.
Təhsilin mənası, onun əhəmiyyəti şagirdin şəxsiyyətinin motivasiya komponentinin əsasını təşkil edir.