Sosial şəbəkələrdə yeniyetməlik aqressiyasının təzahürü. Kiberbullinq
Yeniyetməlik dövrü şəxsiyyətin özünüdərketmənin formalaşmasında və identikliyin inkişafında mühüm mərhələdir. Bu yaş mərhələsində yeniyetmələr üçün həmyaşıdları ilə ünsiyyət ön plana çıxır. Əvvəllər yeniyetmələrin sosiallaşma institutu kimi, müxtəlif qeyri-formal sosial qruplar yaradılırdısa, bu gün isə internet, sosiallaşma institutu kimi daha çox ön plana çıxır, xüsusilə də sosial şəbəkələr. Sosial şəbəkələr vasitəsi ilə yeniyetmələr ünsiyyət üsullarını və formalarını seçmək, özünü ifadə etmək və s. azadlığı əldə edirlər. Lakin bu kimi hallarda yeniyetmələrin qarşılaşa biləcəyi problemlər barədə də danışmaq önəmlidir. Belə problemlərdən biri aqressiyadır. Sosial şəbəkələrdə aqressiyadan danışarkən iki müxtəlif prosesdən söhbət gedə bilər. Birinci halda, aqressiya müxtəlif yersiz kontentin yerləşdirilməsi vasitəsi ilə nümayiş etdirilir, ikinci halda isə sosial şəbəkələrin istifadəçiləri başqa şəxsə qarşı aqressiv davranışlar nümayiş etdirir. Bu halda kiberbullinqdən söhbət gedə bilər.
Kiberbullinq sosial şəbəkələrin genişliyində yayılmış aqressiv bir davranışdır. Son zamanlar aparılan müasir araşdırmalar göstərir ki, 12-18 yaşlı yeniyetmələr arasında kiberbullinqin yayılması 67% təşkil edir. Adətən kiberbullinq qəsdlə edilir, yeniyetmələr sosial şəbəkələrin vasitəsi ilə həmyaşıdlarını qorxutmaq, alçaltmaq, təhqir etmək, tənqid etmək istəyirlər. Kiberbullinqin qurbanları, adətən, müxtəlif bu kimi mənfi təcrübələrə məruz qalırlar. Hansılarkı: utanc, qəzəb, depressiya, özünüqiymətləndirmənin azalması, aqressiv davranış, inamsızlıq, narahatlıq, psixotrop maddələrin istifadəsi və s. kimi göstərir.
Mühüm məsələlərdən biri də kiberbullinqin səbəblərinin üzə çıxarılmasıdır. E. Pibles, G. Şteffen, K. Varyas kimi alimlər və həmmüəlliflər yeniyetmələrdə kiberbullinqin səbəblərini araşdırıblar. Əsas səbəblər arasında, təcavüzkarın özünün keçmişdə aqressiyaya məruz qalması, yeniyetmələrin fikrincə, pis nüfuza malik olanların təqib edilməsi, apatiyanın olmaması, hakimiyyət və başqaları üzərində üstünlük isdəyi və s. kimi səbələr müəyyən edilmişdir.
İndiki zəmanədə kiberbullinqin qarşısının alınması çox önəmlidir. Profilaktika kimi internet-platformaların təhlükəsizlik səviyyəsinin artırılması, uşaqların və valideynlərin sosial şəbəkələrdən adekvat istifadəsinin öyrədilməsidir. Məktəblərdə yeniyetmələrin aqressiv davranışının diaqnostikası üçün xüsusi proqramlar hazırlanır ki, bu da pedaqoji işçilərin psixoloji səriştəliliyinin səviyyəsini yüksəldir və yetkinlik yaşına çatmayanların həmyaşıdları ilə qarşılıqlı münasibətlərindəki psixoloji problemlərin profilaktikasıdır. "Onlayn" zorakılığından zərər çəkmiş şəxslərlə psixoterapiyanın fərdi və qrup üsullarından istifadə edilir.
Valideynlər üçün tövsiyələr
İndiki zamanədə yeniyetmələrin qadjetlərdən istifadəsini məhdudlaşdırmaq və ya nəzarət etmək mümkün deyil. Bunun üçün isə, qadjetlərin qadağası deyildə, ondan düzgün istifadə etmeyi öyrətmək lazımdır, məsələn lazımi məlumatlərı axtarmaq, dostları ilə ünsiyyət qurmaq üçün. Yeniyetmələrə izah etmək lazımdır ki, onları incidən və ya təhqir edən istifadəçidən şikayyət etmək mümkündür. Açıq dialoqu təşviq edin. Uşaqlar internetdə problemlər yarandıqda kimə müraciət edəcəklərini bilməlidirlər. Valideynlər üçün açıq olmaq və yeniyetmələrə bu vəziyyətdə necə hərəkət edəcəklərini anlatmaq vacibdir. Həmçinin yadda saxlamaq lazımdır ki, öz qorxuları və problemləri haqqında danışmağı təşviq etmək cəzaları tətbiq etməkdən daha səmərəlidir.