Sinifdə birliyin formalaşdırılmasına dair tövsiyələr
Birlik - müəyyən məqsədlərə çatmaq və vəzifələri həyata keçirmək üçün sinfin vahid bir tam olmağıdır.
Məktəblilərin ümumi məqsədləri olur, məsələn, təhsil almaq, ali məktəbə qəbul olmaq və s.. Bu məqsədlərə daha səmərəli və tez nail olmaq üçün onların dəstəyə ehtiyacı var.
Şagirdlərin psixoloji vəziyyəti sinif kollektivinin mehriban olmasından asılıdır. Bu həm də tədris materialının mənimsənmə dərəcəsinə, müəllimin kollektivlə keçirdiyi işin effektivliyinə və şagirdlərin şəxsiyyətinin formalaşmasına da ciddi təsir göstərir. Mehriban kollektivin yaradılmasında aparıcı rol, təbii ki, sinif rəhbərinə məxsusdur.
Sinfi birləşdirmək üçün sinif rəhbəri nə etməlidir?
1. Siniflə yeni tanış olub işləməyə başlayırsız? İlk növbədə şagirdlərlə aranızda etibarlı münasibət qurmalısınız. Əgər məktəblilərlə aranızda etibar olmazsa, onlar Sizinlə ünsiyyətdə özlərini açıq ifadə etməkdən çəkinər, və beləliklə, Siz onlara ehtiyacları olduqda kömək edə və ya məsləhət verə bilməyəcəksiniz.
2. Məktəblilər arasında mehriban bir birlik yaratmaq 2-3 dərslə tamamlanacaq proses deyil. Bunun üzərində daim işləmək lazımdır.
3. Sinifdə hər kəs təhlükəsizlikdə olduğunu hiss etməlidir, bu fikri, ilk növbədə, özünüz tam mənimsəyin və başqalarına da bunu qavramaqda kömək edin.
4. Məktəb psixoloqundan siniflə işləməyini və bu barədə Sizə ətraflı məlumat verməyini xahiş edə bilərsiniz (çətinliklər yarandıqda və buna ehtiyac duyduğunuzda).
5. Uşaqların birlik olması üçün mümkün qədər çox birgə həyata keçirilən fəaliyyət növləri planlaşdırın. Məsələn, onlarla parka gedin, təmiz havada birgə gəzintilər təşkil edin, teatr və müzeyləri ziyarət edin və s.
6. Uşaqlarla, mütləq şəkildə, dostluq, qarşılıqlı yardım haqqında söhbətlər aparın. Hər fürsətdən istifadə edərək uşaqlara bu keyfiyyətlərin əhəmiyyətini aşılayın.
7. Müəllimin kiməsə simpatiya və ya antipatiya duyduğunda uşaqlar bunu yaxşı hiss edir. Onlar hökmən bu haqda düşünəcək və öz aralarında bunları müzakirə edəcəklər. Hər uşaqda, ilk növbədə, onun şəxsiyyətinə hörmət bəsləyin.
8. Sinifdə müsbət psixoloji mühiti qoruyun, münaqişələri diqqətdən kənar qoymayın, onları həll edin. Uşaqları dinləyin, onları anlamağa çalışıb özlərini dərk etməkdə onlara kömək edin.
9. Həmçinin valideynlərlə də əlaqə saxlamaq önəmlidir, çünki onlar da sinifdə mehriban mühitin yaradılmasında Sizə kömək edə bilərlər.
10. Qrup işinə üstünlük verin. Bu formatda keçirilən məşğələlər komanda ruhunun formalaşması üçün çox yaxşı vasitədir. Qrupların tərkibini tez-tez dəyişin ki, eyni şagirdlər hər dəfə eyni qruplarda olmasınlar.
11. Sinifdə məktəb fəaliyyətində az iştirak edən şagirdlər gördüyünüzdə, bu davranışın səbəblərini araşdırın. Onları sinifdə birgə fəaliyyətə cəlb edin (lakin məcbur etməyin), bacardıqları ən yaxşı fəaliyyəti önə çıxartmalarına şərait yaradın. Əgər ehtiyac duysanız, psixoloqa müraciət edin. Lakin bunu ehtiyatla edərək gizliliyi qorumağınız şərtdir.
Hər şeyi düzgün və aydın şəkildə yerinə yetirdikdə, bir müddət sonra məktəblilərin özlərinə qarşı müsbət münasibət bəsləməyə başladığını, öz unikallığını, dəyərliliyini hiss etməkdə irəlililədiklərini müşahidə edə bilərsiniz. Onlar məktəbə məmnuniyyətlə gələcək, bir-biri ilə ünsiyyət quracaqlar, münaqişəli vəziyyətlərin sayı azalacaq. Sinifdə mehriban və səmimi mühit yaranacaq.
Bütün bunlar həqiqətən reallaşarsa, deməli Siz belə bir məsuliyyətli və çətin vəzifənin öhdəsindən gələ bildiniz!
Uğurlar!