Şiddətsiz ünsiyyət
Ünsiyyətin şiddətli və şiddətsiz ola biləcəyi və ikincisinin ifadə tərzini ilk dəfə 1960-cı illərdə amerikalı psixoloq Marşal Rozenberq təklif edib. Hər hansı bir istəyimizi və ya fikrimizi bildirdikdə çox vaxt ifadə etdiyimiz aqressiya və kobudluğu hiss etmirik. Sadəcə insan emosiyaları onun tələbatlarından asılıdır: tələbatları ödənilirsə - xoşbəxt, ödənilmirsə - özünü bədbəxt hiss edir. Beləliklə, bu aqressiya və kobudluq öz növbəsində bir sıra münaqişələrə və nəticədə bir sıra hallarda münasibətlərin kəsilməsinə gətirir. Bunların qarşısını almaq üçün şiddətsiz ünsiyyət tərzi ilə tanış olaq.
Şiddətsiz ünsiyyət konseptinin mərkəzində hər bir insanın empatiyaya malik olma ideyası dayanır. Bu növ ünsiyyət digər tərəfi məcburi şəkildə nəsə etməyə deyil, insanların bir-birinin tələbatlarına anlayışla yanaşaraq hərəkət etməsinə gətirir. Şiddətsiz ünsiyyət nə ilə fərqlənir? Nümunələrdən başlayaq:
Uşaq evdən köçür və ailəsinə uzun müddət zəng etmir. Valideyn (idarə etməyə meyilli, avtoritar, despot tipli) belə bir vəziyyətdə qarışıq, neqativ hisslər yaşaya bilər (özünü lazımsız və unudulmuş hiss edə, övladına görə naratlıq hissi keçirə bilər və s.). Bu hərəkətlərin hər biri övladı ilə ünsiyyətdə olmaq tələbatının ödənilməməsindən irəli gəlmiş olacaq. Uşağına özü zəng etmək qərarına gəldikdə hiss və tələbatlarını fərqli şəkildə ifadə (1 - şiddətli, 2 - şiddətsiz) edə bilər:
1. “Artıq bir həftədir zəng etmirsən, heç utanmırsan?!” (aqressiya, inciklik, kobudluq, özü pis olduğu üçün uşağı da həmçinin incitmək istəyi və s.) Nəticədə çox güman ki, belə bir danışıq münaqişəyə və ya incikliyin aradan qaldırılmadan sadəcə bir müddətlik bağlanmasına gətirə bilər.
2. “Bir həftə olar ki, danışmamışıq, özümü tənha hiss edirəm, səninlə daha tez-tez danışmağa ehtiyacım var. Boş vaxtın olanda zəng edə bilərsən?” (müşahidələr, hisslər, tələbatlar, xahiş)
Şiddətsiz ünsiyyət kommunikasiya zamanı düşündüklərinizin yumuşaq şəkildə və ən vacibi passiv aqressiyanın olamamsı şərti ilə digər tərəfə çatdırılmasıdır. Bunun üçün müraciət 4 hissədən ibarət olmalıdır:
- Məsələni qiymət verilmiş şəkildə deyil, müşahidə şəklində ifadə etmək.
Şiddətli (qiymətləndirici): Çox pinti adamsan.
Şiddətsiz (müşahidə): Bir həftədən çoxdur otağını yığışdırmırsan.
- Təxminləri deyil, hissləri ifadə etmək.
Şiddətli (təxmin): Hiss edirəm ki, dərslərini hazırlamamısan.
Şiddətsiz (hiss): Şübhə hissi yaşayıram.
- Ünsiyyət zamanı ifadədə insanın tələbatı gizlənir, bu tələbatı görmək.
İfadə: Üç gündür söz verirsən!
Arxasında dayanan tələbat: Dürüstlük.
- Gözlədiyiniz davranışı tənqidi şəkildə deyil, xahiş şəklində ifadə etmək.
Şiddətli (tənqid): Nə vaxt böyüyüb arxanca əşyaları özün yığışdırmağı öyrənəcəksən artıq?!
Şiddətsiz (xahiş): Oğlum, zəhmət olmasa otağında əşyaları vaxtı-vaxtında yığışdır.
Şübhəsiz ki, şiddətsiz ünsiyyət sadəcə bir və ya iki dəfə istifadə oluna biləcək və ya ilk dəfədən alınacaq bir ünsiyyət tərzi deyil. Düşündüklərimizi yumuşaq, münaqişəyə gətirməyəcək şəkildə ifadə etmək bacarığıdır və bunun üzərində daima məşq edərək , vərdişə çevirmək lazımdır.
İnsanların bir çoxu alınmayan hər işdə, və ya pis hisslərində digər insanları günahlandırmağı vərdiş edir. Rozenberqin “Həyatın dili” kitabındaki gözəl ifadə isə reallığı əks etdirir: “Ətrafdakı insanların sözləri və davranışları bizim hissləmiz üçün heç vaxt səbəb yox, yalnız stimul ola bilər”.
Burada əlbətdə ki, mədəni xüsusiyyət də rol oynayır, lakin heç vaxt fərqli olmaqdan qorxmaq lazım deyil.
Şiddətsiz ünsiyyət tərzindən istifadə yaxşı tərəfə fərqlilikdir!