Peşəkarlığın sirləri. Peşəkar mütəxəssis olmaq üçün nə etmək lazımdır?
Fəaliyyətin uğurlu olması insanın peşəkarlığından asılıdır. Peşəkar insan fəaliyyətin yüksək səviyyəsinə yiyələnən, əməyin həyata keçirilməsi zamanı özünü şüurlu şəkildə dəyişdirən və inkişaf etdirən, peşəyə öz fərdi yaradıcılıq töhfəsini verən və peşəkar həyatda öz rolunu tapan mütəxəssisdir. Bu şəxsin peşə fəaliyyətinin nəticələri cəmiyyətdə maraq yarada və öz peşəsinin nüfuzunu artıra bilər.
Peşəkar mütəxəssis olmaq üçün nə etmək lazımdır?
Düzgün seçim. İlk növbədə, peşə seçimini düzgün etmək lazımdır. Konfutsi deyib: "İstədiyiniz bir işi seçin və həyatınızda bir gün də işləmək məcburiyyətində qalmayacaqsınız" . Öz işinizi sevin, onu məmnuniyyətlə yerinə yetirin.
Daim inkişaf edin. Bəzən insanlar fikirləşirlər ki, onların sahib olduğu bilik səviyyəsi peşə fəaliyyəti üçün kifayətdir və buna görə yeni biliklər almaq onlara mənasız gələ bilər. Lakin bu yalnış fikirdir, çünki inkişaf üçün təhsil və təlimin rolu əvəzsizdir. Peşənizə aid olan yeni məlumatları toplayın, yeniliklərə açıq olun, dünyagörünüşünüzü inkişaf etdirin.
Qarşınıza adekvat məqsədlər qoyun. Tez-tez insanlar qarşılarına böyük məqsədlər qoyurlar və onlara nail olmadıqda məyusluq yaşayır və ruhdan düşürlər.
Çətin tapşırıqlardan qorxmayın. Onlara hədəfinizə çatmaq üçün bir yarış kimi baxın. Tapşırığın çətin və ya asan olmağından asılı olmayaraq bacarıqlarınızdan tam istifadə edin.
İşinizi qiymətləndirməyə çalışın. Özünüzə suallar verin: işimlə bağlı hansı müsbət dəyişikliklər edə bilərəm, özümü necə təkmilləşdirə bilərəm, başqa nələr edə bilərəm ki, işimin nəticəsi daha yaxşı olsun. Nailiyyətlərinizi artırmaq üçün yeni yollar axtarın. İşinizə müxtəlif tərəflərdən baxın.
Konstruktiv tənqidlərə açıq olun.
Əməyinizin sizin və cəmiyyət üçün faydalı olduğuna inanmalısınız.
İşdə və həyatda məsuliyyətli olun.
Oxşar maraqları olan insanlarla əlaqə yaradın. Onlardan da yeni və faydalı biliklər ala bilərsiniz.
Yeni təcrübələrə açıq olun. Nəzəriyyə çox yaxşıdır, amma onu təcrübə ilə daim dəstəkləmək lazımdır.
Tələsməyin. Mütəxəssis doğulmurlar, mütəxəssis olurlar. Bunun üçün də vaxt lazımdır.
Qazandığınız uğurda dayanmayın. Siz daim inkişaf etməlisiniz.
Zamanın idarə edilməsi. Özünüz üçün bir cədvəl yaradın və tərtib edilmiş cədvəl üzrə işinizi icra etməyə çalışın. Prokrastinasiyaya "YOX" deyin. İşinizi sona çatdırmağa çalışın!
Bəzən elə hallar ola bilər ki, heç bir şey etmək istəmirsiniz. Özünüzə vaxt verin, istirahət edin. Və yeni qüvvə ilə işinizə davam edib, məqsədlərinizə doğru irəliləyin.