Perfeksionizm(mükəmməliyyətçilik) - həyatda ən önəmli məqsədin özünü, ətrafdakıları və etdiyi hər işi mükəmməlləşdirmək olduğuna inanmaqdır. Perfeksionizm psixoloji cəhətdən çətin struktura malik şəxsi keyfiyyət hesab olunur. Perfeksionist insan həm özünə, həm də ətrafdakılara həddən artıq tələbkar münasibət sərgiləyir, bir işi mükəmməl hala gətirmək üçün hər xırda detala fikir verir, görülən işin keyfiyyətinə daim şübhə ilə yanaşır. Onlar gördükləri işdən həzz ala bilmir və işin nəticəsindən heç vaxt razı qalmırlar. Buna baxmayaraq perfeksionistlər ətrafdan gələn tənqidi çox həssas qarşılayırlar.
Perfeksionist yalnız özü və gördüyü işə qarşı deyil, həmçinin ətrafdakılara qarşı tələbkar olduğu üçün əksər hallarda tənha qalır. İnsanlara qarşı tələbinin yüksək olduğu üçün, tanışında mənfi xüsusiyyət gördükdə perfeksionist bunu ya düzəltməyə çalışacaq, ya da onu bu xüsusiyyətinə görə alçaldacaq və ya ondan uzaqlaşacaq. Eyni zamanda, hər bir işi mükəmməl səviyyəyə çatdırmaq cəhdləri onun çox vaxtını alır, nəticədə perfeksionist əylənməyə və dincəlməyə lazımi qədər vaxt ayıra bilmir.
Perfeksionist özünü daim ətrafdakılarla, ələxsus da uğur qazanmış insanlarla müqayisə edir. Perfeksionist adətən orta və ali məktəb illərində əlaçı olduğu üçün, perfeksionizm həmçinin “əlaçı sindromu” adlandırılır. Əlaçı 100-ballıq qiymətləndirilmə sistemi üzrə qiymətləndirildiyində, 100 baldan aşağı aldığı qiyməti özü üçün qeyri-mükəmməl iş kimi qəbul edir. Bu tip insan üçün dünya “əla - bərbad”, “hər şey - heç nə” tipli əks qütblərdən ibarət olur.
Perfeksionistin fikirləri aşağıda qeyd olunan hallara bənzəyir, bu fikirlər nevrotik pozuntulara gətirə, eyni zamanda daimi yüksək təlaş və gərginlik hissi yarada bilər:
Bütün işlər vacibdir və hər birini mükəmməl yerinə yetirməliyəm.
Öz işimdə səhvə yol verdiyimdə mənə çox pis təsir edir.
Mən insanlara hörmətlə yanaşmıram.
Mənim həyatımda əsas məqsəd - uğurlu biri olmaqdır.
Qiymət verdiyim heç bir insan məni məyus etməməlidir.
Həyatda heç nəyə nail olmayan insanlarla ünsiyyət qurmuram.
İnsanların bacarıq və biliklərimizə şübhə ilə yanaşmasına şans verməməliyik.
İşdə xırda bir səhvə yol versəm insanlar bunu mənə bağışlamaz.
İnsanların xırda bir detalda belə səhv etdiyi zaman bu məni qıcıqlandırır və s.
Bir müddət sonra hər bir perfeksionist yorğunluq, təşviş və narahatlıq hissindən əziyyət çəkə, bu da baş ağrıları, xroniki xəstəliklərin ağırlaşmasına, apatiya və hətta depressiyaya gətirib çıxara bilər.
Məsləhətlər:
1. Özünüzü başqaları ilə müqayisə etməyin.
2. Özünüzün və ətrafdakıların unikallığını və hər bir insanın müsbət və mənfi cəhətlərinin olduğunu qəbul edin.
3. Dincəlməyi və həyatdan həzz almağı öyrənin. Könüllü sürətdə, məcbur edilmədən məşğul olacağınız və böyük zövq alacağınız fəaliyyətlə (hobbi) məşğul olun.
4. İşləri vacibliyinə görə prioritetləşdirməyi vərdiş edin.
5. Özünüzdə uğur və ya uğursuzluqdan asılı olmayan müsbət cəhətləri görməyə və özünüzə tərif deməyi öyrənin.