Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Öyrənmə modelinizi müəyyən edin

Biz adətən bəzi müəllimlərin izah etmə tərzini daha çox sevir və onların dərslərinə həvəslə yanaşırıq. Digərinin dərslərinə isə nə qədər diqqətlə qulaq asmağa çalışsaq da ciddi irəliləyiş əladə edə bilmirik. Bəzən də elə olur ki, bir uşağın yüksək nəticə almasına tövhə verən repetitor eyni səviyyəli başqa bir uşağa heç bir kömək edə bilmir. Bu cür halların səbəbi haqqında heç düşünmüsünüzmü? Səbəb müxtəlif öyrənmə tipləridir. Elə ola bilər ki, sizin öyrənmə modeliniz müəllimin öyrətmə modelinə uyğun gəlməsin. Bu isə sizin öz qabiliyyətləriniz haqqında yanlış qənaətə gəlməyinizə səbəb olur, sizdə inamsızlıq və ya fənnə qarşı soyuq münasibət formalaşdırır.

Alimlər və psixoloqlar fərqli öyrənmə tiplərini müəyən etmək üçün müxtəlif modellər və metodlar işləyib hazırlayıblar. Bu modellərdən biri Yeni Zellandiyalı təhsil eksperti Neyl Fleminq tərəfindən yaradılmış VARK modelidir. VARK ingilis dilində görmə (visual), eşitmə (auditory), oxuma-yazma (reading and writing) və kinestetik (kinesthetic) sözlərinin birləşməsini ifadə edir. Bu model insanları görmə, eşitmə, oxuma-yazma və kinestetik (toxunma, hiss etmə) öyrənmə tiplərindən ibarət dörd əsas qrupa ayırır. Bəzi uşaqlarda və ya yetkin yaşlı insanlarda bu tiplərdən biri dominant olsa da, bir sıra insanın qavrama modelində onlardan bir neçəsi balanslı şəkildə təmsil olunur. Öyrənmə prosesi insanların qavrama tiplərinə uyğunlaşdırıldıqda proses daha səmərəli nəticə verir.

Vizual (görmə) öyrənmə modeli. Vizual öyrənmə tipinə aid şəxslər “göstər başa düşüm” prinsipi ilə öyrənirlər. Xalis vizual tipə malik uşaqlar mürəkkəb mövzuları dinləmə yolu ilə öyrənmədə ciddi problemlər yaşaya bilər. Bəzən müəllim və ya valideyn bir şeyi uşağa dəfələrlə deyir, o isə tormozlanmış kimi boş baxışlarla onun üzünə baxır. Böyüklər bu vəziyyətdə çox vaxt özündən çıxaraq “Ay bala, başa düşmürsən məni?”, deyə əsəbi reaksiya göstərir. Uşaq isə həqiqətən də anlamadığını düşünərək utanır və içinə qapanır. Belə olan halda sadəcə bir kağız götürüb başa salmaq istədiyiniz predmet və ya hadisənin sxemini çəkmək lazımdır. Bu tipli uşaqlara mövzunun əsas hissəsini vizual olaraq göstərdikdən sonra qalan məlumatları sözlə başa saldıqda ciddi problem yaşanmır. Onlar sözlü məlumatları təsəvvüründəki böyük rəsmə əlavə edərək onu tamamlayır.

Vizual tipli insanlar öyrənmək üçün aşağıdakı vasitələrdən istifadə etməlidirlər:

- Jestlər və təsviri dildən istifadə edən müəllim və ya repetitorlar;

- Şəkillər, videolar, plakatlar və s.;

- Diaqramlar, sxemlər, xəritələr və s.;

- Müxtəlif rəngli flomaster və ya qələmlərlə mətnləri işarələmək, qeydlər aparmaq;

- Diaqram və sxemli dərsliklər və ya kitablar;

- Müxtəlif simvol və işarələr.

Eyni zamanda əgər konkret mövzu ilə əlaqədar vizual materiallar əldə edə bilmirsinizsə, mövzunu özünüz bir kağızda sxematik şəkildə təsvir etməyə və ya beyninizdə canlandrımağa çalışın. Siz dünyanı görüntülərlə qavradığınız üçün istənilən mətndə verilən məlumatın rəsmini beyninizdə canlandıra bildikdə onu tam öyrənmiş olursunuz. Oxuduğunuz fraqmentlərin təsvirlərini və ya rəsmini müxtəlif forma və düzülüşdə çəkməyə çalışın. Hər fraqmenti yaddaşınızda canlandırın və yenidən rəsmini çəkin. İmtahana hazırlaşarkən həmin rəsm və təsvirləri yaddaşınızdan çağırın və onları yenidən sozlərə çevirməyə çalışın.

Xarakterik cəhətləri. Bəs insanın vizual tipə aid olduğunu necə başa düşmək olar? Bu tipə aid insanlar adətən sürətlə və bəzən burnunda danışırlar. Demək istədikləri onların beynində video lent kimi sürətlə keçdiyi üçün onlar sadəcə gözlərinin önündən keçən görüntünü sürətlə sözə çevirirlər. Nitqin keyfiyyəti onları maraqlandırmır. Ona görə də danışıqları sürətli, hətta bəzən tələsik xarakter daşıyır. Bəzən beyinlərində aydın və canlı təsəvvür etdikləri fikirləri və ya təəssüratları sözlə ifadə etməkdə çətinlik çəkir və müxtəlif jestlərdən, əl-qol və bədən hərəkətlərindən istifadə edirlər. Hadisələri təsvir edərkən, rəng, forma kimi əlamətlərə, insanlarda və predmetlərdə estetik görünüşə üstünlük verirlər. “Filankəs hirslənəndə ağzından od püskürür”, “problemlər dağ kimi gözümə durub”, “elə bil bu gün hər yer gül açıb” və s. tipli görüntülü metaforlardan sıx-sıx istifadə edirlər.

Dinləyərək öyrənmə modeli. Bu tip şəxslər dinləyərək və danışaraq öyrənməni sevirlər. Onlar qarşısındakını diqqətlə dinləyir və mövzu üzrə suallar verirlər. Sözlər onlar üçün çox əhəmiyyətlidir. Düzgün sözləri seçməklə, fikri düzgün ifadə etməklə onlara hər şeyi rahat başa salmaq olar. Biliklərini möhkəmləndirmək üçün onlara eşitdiklərini və ya oxuduqlarını ucadan təkrar etmək imkanı vermək lazımdır. Dinləmə modeli üzrə öyrənənlər aşağıdakı metod və vasitələrdən istifadə etməlidirlər:

- Sinif şəraitində öyrənmək;

- Kurslara getmək;

- Mövzuları müəllim və ya başqaları ilə müzakirə etmək;

- Öyrəndiklərini başqalarna başa salmaq;

- Səs yazan cihazlardan istifadə etmək;

- Maraqlı nümunələrdən və əhvalatlardan istifadə etmək;

- Dərsdə istifadə olunan vizual materialları sözlərlə başqasına izah etmək;

- Qeydləri ucadan oxumaq.

Bu tip tələbələr dinləməyə üstünlük verdiyi üçün adətən dərslərdə az qeyd götürürlər. Özünüzü bu modelə aid edirsinizsə dərs zamanı və ya kitblardan daha çox qeydlər götürün. Sonra bu qeydləri öz səsinizlə audio fayla yazıb onlara qulaq asın. Mövzu üzrə başa düşdüklərinizi başqalarına danışın. Qeydlərinizi ucadan oxuyun və dinləyərək öyrənmə tipinə aid digər bir şəxsə başa salın. İmtahana hazırlaşarkən xəyalınızda mövzunu müəllim və ya başqa şəxsə danışın, sual-cavab edin. Sakit bir yer tapıb orada oxuduqlarınızı yadınıza salın. Keçmiş imtahanların suallarını xəyalınızda, ucadan səsli və ya yazılı cavablandraraq özünüzə təcrübə qazandırın.

Xarakterik cəhətləri. Əgər sizin səsiniz güclü və ritmlidirsə, nisbətən yavaş danışırsınızsa, böyük ehtimalla dinləmə tipli qavrama sisteminə maliksiniz. Bu tipli insanlar sözlərə böyük əhəmiyyət verdiyinə görə çox diqqətli danışırlar və yaxşı dinləyicidirlər. Lakin, üz ifadəsi və bədən dilini anlamaqda çətinlik çəkirlər. Vizual vasitələrə şübhə ilə yanaşırlar. Onlar “bu, maraqlı səslənir”, “bu gün səsin nə isə bir təhərdir” tipli cümlələr qururlar.

Oxuma-yazma ilə öyrənmə modeli. Adından da göründüyü kimi bu tipə aid insanlar çap olunmuş mətnlərdən daha uğurla istifadə edirlər. Onlar istənilən görüntülü və ya səsli məlumatlarla əlaqədar yazılı qeydlər götürməlidirlər. Özünü bu tipə aid edənlər effektiv öyrənmə üçün aşağıdakılardan istifadə etməlidirlər:

- Sözlü materiallar və qeydlərdən istifadə edən müəllim və ya repetitorlar;

- Kitabxana ziyarətləri;

- Hadisələrin, anlayışların, ideyaların, və s. siyahılarını və ya hiyerarxiyalarını yaratmaq;

- Mövzunu hissələrə/başlıqlara ayırmaq;

- Sözlük və lüğətlər;

- Bukletlər, vərəqələr;

- Dərsliklər;

- Yazılı qeydlər və s.

Oxuma-yazma modelinin sizə daha uyğun olduğunu düşünürsünüzsə sözləri təkrar-təkrar yazın, qeydlərinizi sıx-sıx təkrarlayın, prinsip və ideyaları sözlərlə ifadə edin və yazın, sxemləri, diaqramları və digər əyani materilları sözlərə çevirin. “Bu ideyanın mənası ......” və ya “Bu diaqram ...... ifadə edir” tipli cümlələr qurun. Sualların cavablarını yazın, çoxvariantlı testlərlə məşq edin, abzaslarla, başlanğıc və sonluqlarla işləyin, siyahılar və variantlar (a, b, c, d və s.) yaradın və digər metodlardan istifadə edin.

Xarakterik cəhətləri. Adətən bu tip bir çox insanda bu və ya digər dərəcədə mövud olur. Əgər bu yazının hissələrə ayrılması, bəzi söz və başlıqların qalın və kursiv şəklində, metod və vasitələrin alt-alta siyahı şəklində verilməsi sizin xoşunuza gəlir və ya mövzunu anlamağınızı asanlaşdırırsa, siz oxuma-yazma tipinə aidsiniz. Siz sözlərin gücünə inanırsınız, şifahi söhbətlərə etiraz etmirsiniz, amma məlumat yazılı şəkildə verildikdə özünüzü daha rahat hiss edirsiniz. Kitabxanalar və kitab mağazaları sizi cəlb edir.

Kinestetik öyrənmə modeli. Elə insanlar var ki, onlar bir şeyi qavramaq üçün onu yaşamalıdırlar, əşyalara toxunmalı, prosesi hiss etməlidirlər. Əgər bunlar sizə aiddirsə, siz kinestetik qavrama tipinə aidsiniz. Bu tip insanlar təcrübə yolu ilə daha rahat öyrənirlər. Onlar öyrənmə prosesində görmə, toxunma, eşitmə, dad bilmə, qoxu kimi duyğulardan mümkün qədər çox istifadə etməlidirlər. Kinestetik modellə öyrənənlər üçün aşağıdakı metod və vasitələr faydalıdır:

- Laboratoriyalar;

- Tədris xarakterli gəzintilər və səfərlər;

- Prinsip və qaydaların nümunələri;

- Real həyatdan nümunələr gətirən müəllimlər;

- Tətbiqetmələr (application – ing.);

- Praktiki yanaşmalar (məsələn, kompüterdən istifadə);

- Cəhdlər və səhvlər metodu;

- Daş, qaya parçaları, bitki, balıq qulağı və s. kolleksiyalar;

- Eksponatlar, nümunələr, foto şəkillər;

- Hazır reseptlər – problem həlləri, keçmiş imtahanların sualları və s.

Sizin dərsləri başa düşməyiniz üçün mövzular aydın şəkildə ifadə olunmalıdır. Siz real hadisələri daha yaxşı yadda saxlayırsınız. Mövzu üzrə real nümunələr tapın və yazın. Prinsip və anlayışları başa düşmək üçün konkret vəziyyət araşdırmaları və tətbiqetmələrdən (application – ing.) istifadə edin. Qeydlərinizi sizinlə eyni öyrənmə tipinə aid başqa birisi ilə müzakirə etmək faydalı ola bilər. Biliklərinizi dərinləşdirmək üçün ideyaları təsvir edən şəkillərdən istifadə edin, laboratoriyada daha çox vaxt keçirin, keçirdiyiniz eksperiment və getdiyiniz gəzintiləri yaddaşınızda canlandırın.

Xarakterik cəhətləri. Xalis kinestetik tipə aid insanlara digər tiplərə nisbətən daha az rast gəlinir. Onlar adətən çox yavaş tempdə danışır, hiss və duyğulara reaksiya verirlər. Səsləri dərin olur, sözləri ağır-ağır ifadə edirlər. Kinestetik insanlar adətən “işlər ağır gedir”, “bu, mənə güclü təsir edir”, “mən mövzunu hiss etməliyəm” tipli fiziki xarakterli metaforlardan istifadə edirlər, abstrakt anlayışlardan daha çox konkret bir predmet və ya hadisədən yapışırlar.

Xülasə.

Bir çox insanların öyrənmə modeli adətən yuxarıdakı tiplərdən bir-neçəsinin birləşməsindən ibarət olsa da, çox vaxt bu modellərdən biri digərlərinə nisbətən üstünlük təşkil edir. Hindistan universitetlərinin birində keçirilən araşdırmaya görə tələbələrin təxminən 41 faizi iki-tipli, 39 faizi bir-tipli öyrənmə modelinə maikdir. Çoxtipli modelə malik insanlar öyrənmə prosesində hər fənn və ya mövzuya görə uyğun bildiyi modellərdən istifadə edə bilərlər.

Təbii ki, öyrənmə prosesində motivasiya, dərin yanaşma qabiliyyəti, sosial və fiziki mühit elementləri kimi faktorların rolu böyükdür. VARK modeli öyrənmə prosesinə təsir edən faktorlardan yalnız birini – insanların informasiyanı hansı qavrama kanalından daha rahat qəbul etdiyini öyrənir. Digər faktorların öyrənmə prosesindəki rolunu qəbul etməklə bərabər, etiraf etmək lazımdır ki, qavrama tiplərinin nəzərə alınması öyrənmənin səmərəliliyini ciddi şəkildə artıra bilər.

Bir çox hallarda öyrənmə prosesində yaşadığımız çətinliklər bizdə özümüzə inamsızlıq, dərslərə qarşı soyuq münasibət formalaşdırır. Lakin bu çətinliklərin səbəbinin məktəbdəki tədris prosesi ilə bizim öyrənmə modelimiz arasındakı ziddiyyətdən irəli gələ biləcəyi ağlımıza belə gəlmir. Təhsil müəssisələrində adətən dinləmə və oxuma-yazma tipli tədris modellərinə üstünlük verilir. Araşdırmalara görə isə digər öyrənmə tiplərinə (vizual, kinestetik) aid uşaqların sayı da heç də azlıq təşkil etmir. Hətta iki-tipli və çox-tipli öyrənmə modellərinə aid insanlarda kinestetik modeldən istifadə digərlərinə nisbətən daha yüksəkdir. Bu isə o deməkdir ki, dominant öyrənmə tipindən asılı olmayaraq təcrübə yolu ilə öyrənmə bir çox insan üçün faydalıdır.

Bəzi təcrübəli müəllimlər bu problemin fərqinə vararaq müxtəlif öyrənmə tiplərinə aid metodlar tətbiq etsələr də, təəssüf ki, əksər müəllim, valideyn və şagirdlər öyrənmə modellərinin fərqinə varmır. Nəticədə bir çox istedadlı uşaqlar öz potensialından xeyli zəif bilik və bacarıqlar əldə edirlər. Unutmayaq ki, insan mürəkkəb varlıqdır və öyrənmə prosesi hər bir şəxsin fərdi keyfiyyətləri nəzərə alınaraq qurulduğu təqdirdə daha səmərəli olur.

 

ANKET

Öyrənmə modelinizi dəqiq müəyyən etmək üçün aşağıdakı anketdən istifadə edin.

Sizin üçün ən uyğun cavabları seçin. Hər suala cavab olaraq birdən çox variant seçə bilərsiz. Cavabların heç biri uyğun deyilsə, sahəni boş buraxın.

  1. Tanımadığınız bir şəhərdə ünvan axtarırsınız. Sizə hansı şəkildə izah olunsa ünvanı daha rahat taparsız?

o Yaxşı olar ki, məni oraya qədər ötürsünlər. (k)

o Şifahi şəkildə. (d)

o Keçəcəyim küçələrin və əsas yerlərin adlarını, marşrut nömrələri və dayanacaqları, siyahı şəklində alt-alta yazmaqla. (o)

o Gedəcəyim yolu xəritədə göstərməklə və ya onun kağız üzərində sxemini çəkməklə. (g)

  1. Aşağıdakı dərslərdən hansından daha çox xoşunuz gəlir?

o Rəsm (g)

o Musiqi (d)

o Ədəbiyyat (o)

o İdman (k)

  1. Dostunuz üçün sürpriz ad günü tədbiri planlaşdırırsınız. Aşağıdakılardan hansını edərsiniz?

o Sadəcə dostlarımızı dəvət edərəm və tədbir öz axarı ilə gedər. (k)

o Dəvətnamələrə xüsusi dizayn verərəm və tədbirin keçiriləcəyi məkanın yerləşdiyi ərazinin xəritəsini çəkib yerəlşdirərəm. (g)

o Tədbir üçün görülməli işlərin və alınmalı şeylərin siyahısını tutaram. (o)

o Dostlarımla tədbir haqqında telefonla danışaram və ya mesaj göndərərəm. (d)

  1. Getdiyiniz teatr tamaşası haqqında məktəbdə layihə hazırlamalısınız. Hansı layihəni seçərdiniz?

o Tamaşadan bir parça ifa etmək. (k)

o Ümumilikdə tamaşa və ya maraqlı hissələri haqqında şifahi danışmaq. (d)

o Tamaşada çəkdiyim foto şəkillərdən ibarət təqdimat hazırlamaq və ya ən maraqlı hissənin rəsmini/sxematik təsvirini çəkmək. (g)

o Tamaşa içərisindəki maraqlı dialoqun və ya effektli nitqin yazılı mətnini hazırlamaq. (o)

  1. Bir qrup turist sizin yaşadığınız ərazidə yerləşən parklar və qoruqlar haqqında daha çox məlumat almaq istəyir. Siz:

o Parklar və qoruqlar haqqında özünüz məlumat verərdiz və ya tur bələdçisi ilə görüş təşkil edərdiz. (d)

o Onlara şəkilləri və ya illüstrasiyaları olan kitablar göstərərdiz. (g)

o Parkları və qoruqları sizinlə birgə gəzməyi təklif edərdiz. (k)

o Parklar və qoruqlar haqqında kitab və ya broşur oxumağı təklif edərdiz. (o)

  1. Siz rəqəmsal kamera və ya mobil telefon almağa hazırlaşırsız. Qiymətdən başqa sizin qərarınıza nə təsir edə bilər?

o Cihazın texniki xüsusiyyətlərinin nümayişi. (k)

o Texniki xüsusiyyətləri haqqında məlumat oxumaq. (o)

o Müasir dizayn və cəlbedici xarici görünüş. (g)

o Məhsulu nümayiş etdirən satıcının sözləri. (d)

  1. İlk dəfə fiziki bacarıq tələb edən bir şey öyrəndiyiniz vaxtı xatırlayın (məsələn, velosiped sürməyi). Öyrənmək sizin üçün hansı halda daha asan olardı?

o Praktiki şəkildə nümayiş edilsə idi. (k)

o Əsas məqamları bu işi bilən bir adamdan soruşsa idim və o mənə şifahi olaraq izah etsə idi. (d)

o Diaqram və qrafik şəklində izah edilsə idi. (g)

o Yazılı təlimat şəklində təqdim edilsə idi (məsələn, istifadəçi təlimatı, kitabça və ya dərslikdə). (o)

  1. Dizinizdə narahatlıq hiss edirsiz. Həkimin aşağıdakılardan hansını etməsini istərdiz?

o Diz zədələri haqqında məqalənin olduğu internet linki, kitab və ya broşur verməsini. (o)

o Diz maketinin üzərində problemi göstərərək izah etməsini. (k)

o Problemi sizə şifahi izah etməsini. (d)

o Problemin sxem və ya şəkil üzərində izahını göstərməsini. (g)

  1. Yeni bir kompüter proqramı və ya oyun öyrənmək istəyirsiniz. Bunun üçün Siz:

o Yazılı təlimatları oxuyardız. (o)

o Proqramdan başı çıxan insanlarla söhbət edərdiz. (d)

o Təlimatlara baxmadan klaviatura və ya nəzarət panelindən istifadə edərək cəhd edə-edə öyrənərsiniz. (k)

o Təlimatda göstərilən cədvəl, sxem və diaqramlara əsasən hərəkət edərdiz. (g)

  1. Hansı tip internet səhifələrini daha çox xoşunuz gəlir?

o İnteraktiv funksiyaları olan. (k)

o Maraqlı dizayn və vizual effektləri olan. (g)

o Maraqlı məlumat və məqalələr dərc olunan. (o)

o Musiqi, söhbət və müzakirələr üçün audio kanalı olan. (d)

  1. Yeni bir sənədli və ya elmi kitab alarkən qərarınıza qiymətdən başqa nə təsir edə bilər?

o Kitabın xarici görünüşü. (g)

o Kitabın müəyyən hissələrini oxumaq. (o)

o Dostunuzun tövsiyəsi. (d)

o Kitabda reallığı əks etdirən hadisələrin mövcudluğu. (k)

  1. Yeni foto-video kameradan istifadə etməyi öyrənirsiniz. Aşağıdakılardan hansını edərsiniz?

o Başı çıxan birisindən mənə izah etməsini istəyərdim. (d)

o Funksiyaların maddə-maddə izah olunduğu yazılı təlimatı oxuyardım. (o)

o Kameranın təlimatında düymələrin funksiyalarını göstərən şəkilli diaqrama baxardım. (g)

o Malik olduğum biliklərlə başlayıb cəhdlər və səhvlər yolu ilə bütün funksiyaları öyrənərdim. (k)

  1. Hansı tip müəllimlərdən xoşunuz gəlir?

o Videolardan istifadə edən, praktiki dərslər keçən, ərazi gəzintilərinə aparan, real tədqiqatlara cəlb edən. (k)

o İnteraktiv metodlardan (sual - cavab, söhbət, qrup müzakirəsi, dəvət olunmuş qonaqlar) istifadə edən. (d)

o Dərsliklərdən, kitablardan istifadə edən və ya məlumatın müəyyən hissələrini oxumağımızı istəyən. (o)

o Qraflar, cədvəllər, sxemlər və ya diaqramlardan istifadə edən. (g)

  1. İştirak etdiyiniz imtahanın nəticələri haqqında hansı formada məlumat almaq istəyərdiniz?

o Mənim cavablarımın nümunələri ilə birlikdə. (k)

o Yazılı mətn və ya cədvəl şəklində. (o)

o Şifahi şəkildə izah olunmasını. (d)

o Mənim nəticəmi götərən diaqram şəklində. (g)

  1. Bir restoran və ya kafedə sifariş etməyə hazırlaşırsız. Sifarişiniz nəyə əsaslanacaq?

o İndiyə qədər daddığınız yeməklərə. (k)

o Ofisiantın və ya dostlarınızın məsləhətlərinə. (d)

o Menyuda yeməklərin tərkibinin yazılı təsvirinə. (o)

o Başqaların yediyi yeməklərin görünüşünə və ya menyudakı yeməklərin şəkillərinə. (g)

  1. Siz konfransda və ya xüsusi hadisə ilə bağlı vacib bir çıxış etməlisiz. Bu məqsədlə Siz:

o Əsas məqamları izah etmək üçün qrafiklər, diaqramlar və ya cədvəllər təqdim edərsiz. (g)

o Qısa bir plan hazırlayıb, çıxışınızı məşq edərsiz. (d)

o Çıxışınızı bütövlüklə yazarsız, bir neçə dəfə onu oxuduqdan sonra əzbərləyərsiz. (o)

o Hesabatınızın daha maraqlı və məlumatlı olmasını təmin etmək üçün bir çox nümunə və real faktlar toplayarsız. (k)

Suallara verdiyiniz cavabların qarşısındakı həriflərin hər birini sayın. Hər bir hərif bir öyrənmə tipini təmsil edir.

g - görmə

d- dinləmə

o- oxuma-yazma

k- kinestetik (təcrübə)

Ən çox seçdiyiniz hərif və ya həriflər sizə uyğun olan öyrənmə modelini təmsil edir. Anket bitdikdə siz ola bilər ki, öyrənmə tiplərinin hər birinə aid cavabları müəyyən qədər işarələmiş olacaqsınız. Bu ona görə belədir ki, biz beynimizin asan qavradığı mövzuları heç də güclü olmayan kanallar vasitəsilə də qavraya bilərik. Lakin məhz ən çox seçdiyimiz variantlar bizim ən çətin mövzuları qavrayacağımız və ifadə edəcəyimiz öyrənmə tiplərini təmsil edir.