Oxuma motivasiyası
Hər bir fəaliyyətin əsasında iki növ motivasiyadan biri durur – daxili və ya xarici. Daxili motivasiya pozitiv, xarici isə neqativ hesab olunur. Bunun son dərəcə sadə izahı var: daxili motiasiya insanın daxili enerjisi, öz istəyi və öz marağıdır; xarici motivasiya isə insanın özünü hansısa kənar səbəbdən hər hansı bir işi görməyə məcbur hiss etməsidir. Çox vaxt valideynlərdən “uşaq oxumaq istəmir”, “heç cür məcbur edə bilmirik”, “başa düşmür ki, oxumasa adam olmayacaq” və s. tipli şikayətlər, uşaqlardan isə “atam dedi ki, hər aldığım yüksək qiymət üçün mənə hədiyyə alacaq”, “universitetə qəbul olsam evdəkilər mənə maşın hədiyyə edəcək” və s. ifadələr eşitmək olar. Qeyd olunanlar xarici neqativ motivasiyanın göstəriciləridir. Xarici motivasiya ilə hərəkət edən insan adətən onu idarə edən güc var olduğu və ya ona təsir etdiyi müddətcə irəliləyir, bəzən isə sadəcə irəliləmək illuziyası yaradır ki, istədiyini əldə etsin. Həqiqi nailiyyətlər və davamlı fəaliyyət daxili motivasiyanın nəticəsidir.
Əslində həm daxili həm xarici motivasiyanın daha incə məqamları var və onları bilərək fəalliyəti düzgün qurmaq və ya yönəltəmək daha asandır. T. O. Qordeyeva oxuma fəaliyyətinə dair ən aydın və realist modellərdən birini təklif edib. Bu modelə əsasən oxuma fəaliyyətində üç cür motivasiya vardır: daxili, xarici avtonom və xarici idarə olunan. Gördüyünüz kimi bu modelə artıq iki növ xarici motivasiya daxildir və onlardan biri az zərərli və müsbət ola bilər.
Daxili motivasiya. Bu növ motivasiya yalnız insanın məhz oxumaq fəaliyyətinə marağı olduğunda təsdiq olunur. Öz növbəsində daxili motivasiyanın yaranması və yaşanmasının əsasında insanın üç tələbatı – peşəkar olmaq istəyi, nailliyət istəyi və bilik istəyi dayanır. Fəaliyyətin əsasında daxili motivasiya olduqda insan yerinə yetirdiyi fəaliyyətə (oxumağa) münasibətdə sevgi, maraq, sevinc, həzz, entuziazm kimi pozitiv emosiyalar yaşayır. O, bu halda zehni tərəfdən fəaliyyətin yerinə yetirilməsinə diqqət, maraq və anlayışla yanaşır, eyni zamanda məşğul olduğu işin mənasını bilir. Nəticədə, uzunmüddətli, davamlı və sərbəst işə hazır olur, bu isə öz növbəsində yüksək nəticələrə gətirir. Daxili motivasiya insan həyatına əsasən müsbət təsir göstərsə də, onun təhlükəli tərəfi də var. Belə ki, insan həddindən artıq çox çalışarsa və lazımı qədər dincəlməzsə gücü tükənər və bu onun üçün həm psixoloji, həm də fizioloji cəhətdən fəsadlara səbəb ola bilər.
Xarici avtonom motivasiya. Avtonom motivasiya şəxsi motivasiya tipidir və əsasında hörmətə və sərbəstliyə tələbat durur. Hörmətə tələbat iki cür yaşana bilər:
- İnsanın özünəhörməti yüksək və başqalarının onunla hesablaşdığı halda bu hörmət təlabatını dəstəkləyən sərbəst motivasiyanın formalaşması;
- Hörmət tələbatının ödənilə bilməməsi. Nəticədə insan digərlərindən razılıq almağın, status, hakimiyyət, prestij və gücə sahib olmağın yolunu nailliyyət qazanmaqda görür və bu istiqamətdə səy göstərir.
Bir şəxs xarici avtonom motivasiya ilə hərəkət edirsə adətən sabitlik və özünə inam hissləri keçirir. Bəzən isə özü ilə mübarizə apardığı üçün ya neqativ emosiyalar, ya da özünə qalib gəldiyi üçün fəxr hissi keçirir. Məşğul olduğu işi öz məqsədlərinə nail olmaq üçün bir üsul kimi görür.
Xarici idarə olunan motivasiya. Bu, insanın yaxın əhatəsindən irəli gələn, sosial motivasiya növü hesab olunur. Bu tip motivasiyanın əsasında insanın sərbəstlik tələbatının ödənməməsi və bunun nəticəsində meydana çıxan idarə olunma hissi durur. Bu vaxt yaxınlarının istəklərindən, fikirlərindən, hisslərindən irəli gələrək fəaliyyət yerinə yetirilir. Məhz buna görə də bu tip motivasiya zamanı ən çox yaşanan və təsir edən hisslər: özünü günahlandırma, utanc, əsəb və s. neqativ hisslərdir. Bu hisslər daima yaşandığı halda insan fəaliyyətini mənasız görür və tərif qazanmaq üçün tabe olmağa hazır olur. Bu cür motivasiya yüksək nəticələr gətirmir, yalnız yüksək həyəcana, aqressiya və depressivliyə səbəb olur, çünki insanın hər bir gələcək addımı öz qərarlarından və keçirdiyi hisslərdən deyil, digərlərinin verdiyi qiymət və təərifdən asılıdır.
Valideynlər üçün tövsiyyələr
Uşağınızın uğurlu və sərbəst gələcəyi üçün onda pozitiv motivasiya yaratmağa yardımçı olmalısınız. Motivasiya və ümumiyyətlə həyata münasibət insanda lap balaca yaşlardan formalaşan xüsusiyyətlərdir. Manipulasiya və idarə etməklə siz öz istəklərinizə nail olunursunuz, lakin uşağınızın gələcəkdə nə dərəcədə xoşbəxt olacağını zərbə altına qoyursunuz. Hər bir valideyn övladı üçün ən xoşbəxt və yaxşı həyat arzulasa da, çox vaxt özü də bilmədən səhvlərə yol verərək onu bundan məhrum edir. Uşağın düzgün motivasiyanın olması üçün o geniş düşünməli, sərbəst olmağı, müsbət vərdişlər formalaşdırmağı bacarmalıdır. Bunun üçün:
1. ilk növbədə uşaqla qurduğunuz ünsiyyətə diqqət yetirin. Artıq 3 yaşından uşağı sərbəstliyə öyrəşdirməyə başlayın. Oxumaq istədiyiniz kitabı ona seçməyi tapşırın (qoyun xarici görünüşünə görə, şəkillərinə görə, nəyəsə uyğun olaraq seçsin), evdə xırda işlər tapşırın, gəzməyə gedəndə nəyi geyinəcəyini seçməyə icazə verin (əlbət qışda şortik və ya kepka ilə çıxmaq istəyə bilər çölə, izah edin, və ya seçim üçün yalnız isti paltar təklif edin). Onunla danışdıqda “mən dediyim kimi olacaq”, “hələ uşaqsan qarışma”, “mən qazanıram, sənin söz deməyə haqqın yoxdur”, “mən səni böyüdürəm”, “mən dediyimi edəcəksən” və s. tipli hakimiyyətinizi ifadə edən və onu əzən ifadələrə yol verməyin. Valideyn uşağı əzilməyə və tabe olmağa öyrəşdirən yox, ona yol göstərən və dayaq olan insandır. Uşaq böyüdükcə tapşırıqları çətinləşdirin, ona güvəndiyinizi göstərin və məsuliyyətini artırın, lakin bunu bir borc kimi yox, ailənin bərabər hüquqlu üzvü olaraq qarşılıqlı dəstəyin rəmzi kimi ona təqdim edin və öyrədin.
2. Ona nümunə olun. Əlbət ki, bütün həyatınızı uşağa gözəl bir tamaşa kimi, özünüzü isə hər şeydə mükəmməl insan kimi göstərmək mümkün deyil. Lakin ondan gözlədiyinizi ilk növbədə özünüz yerinə yetirin. Oxumağını istəyirsinizsə, gün əzrində azı yarım saat – bir saat onunla birgə oxuyun, işlə məşğul olun. Mütləq deyil ki, siz hər gün onun dərsləri ilə məşğul olmasına kömək edəsiniz. Sadəcə öz peşənizə, inkişafınıza aid bir kitab və ya məqalə oxuyun, o isə özünü maraqlandıran bir ədəbiyyat oxusun. Bu yolla siz nümunə olaraq ona faydalı vərdiş öyrədəcək, öz inkişafınıza xeyir verəcək və uşaqla münasibıtlərinizə müsbət təsir göstərmiş olacaqsınız.
3. Uşağa hər hansı bir işdən həzz aldığınızı göstərin. Bu həm öz işiniz ola bilər, həm də hobbiniz. Bu uşaqda öz hisslərinə qarşı diqqət yaradacaq, o da nədənsə həzz aldığını, nəyəsə maraq göstərdiyini anlayacaq. İşdən yorğun gəlsəniz də, gün ərzində fəaliyyətinizə aid maraqlı nəsə baş veribsə bununla paylaşın. Əlbət ki, o, prosesi tam şəkildə və ya heç anlamaya bilər, lakin yşadığınız pozitiv emosiyaları hiss edərək, həyatda xoşbəxtlik hissi keçirəcəyi işi qazanmağa səy göstərəcək.
4. Uşağın xəyal qurmasına mane olmayın. O, nə dərəcədə geniş xəyallar qura bilsə, bir o qədər yüksək nəticələrə nail olacaq. Lakin eyni zamanda, ona öz səylərinə uyğun məqsədlər seçməyi və davamlı inkişaf edərək daha yüksək məqsədlər qoymağı aşılayın.
5. Nəzarəti itirməkdən qorxmayın. Uşağın güvəndiyi biri olduğunuz müddətcə, o sizi sevəcək və məsləhətləşərək qərarlar verəcək. Hər hansı bir məsələdə fərqli fikirdəsinizsə, fikrinizi əsaslandırın. Beləliklə, həm uşağınıza əsaslı fikirləşməyi, həm də müzakirə yolu ilə qərar verməyi öyrətmiş olacaqsınız. Unutmayın ki, kəskin emosional reaksiyalar bir tərəfdən sizin nəzarəti itirməyinizi göstərir və mövqeyinizi zəiflədir, digər tərəfdən isə uşağın sizinlə növbəti dəfə nəyisə paylaşmasını sual altına qoyur. Məhz buna görə də onun verdiyi qərar sizin üçün nə dərəcədədə ağılasığılmaz olursa olsun, sabit əhval ruhiyyəni qoruyun. Hiss etsəniz ki, emosialarınızı cilovlaya bilmirsiniz, bu halda söhbətinizi biraz sonraya saxlayın, sakitləşəndə davam edin. Unutmayın ki, bu münasibətlərdə böyük sizsiniz və sərbəst və inamlı bir şəxsiyyət yetişdirmək kimi məhsuliyyətiniz var.
Şagird və tələbələr üçün tövsiyyələr
Özünüzdə pozitiv motivasiya müşahidə etmirsinizsə onu yaratmaq heç vaxt gec deyil, çünki pozitiv motivasiya sizin daxili dünyanızdan irəli gəlir. İlk növbədə onu müəyyən edin ki, oxumaq sizin üçün arzu etdiyiniz ixtisasa aparan yoldur, yoxsa daim həyatınızda olacaq bir fəaliyyətdir. Əgər bu, istisasa aparan yoldursa və siz hələ şagirdsinizsə nəzərə alın ki, ali təhsil də həmçinin oxumaq fəaliyyətindən ibarətdir və bu fəaliyyəti bir vərdişə çevirməyiniz sizin üçün neqativ emosiyalardan qurtulmağın ən yaxşı yoludur. Pozitiv motivasiyanın formalaşması üçün:
1. ilk addım olaraq, nəyə maraq göstərdiyinizi və hansı fəaliyyət ərzində pozitiv emosiyalar keçirdiyinizi müəyyən edin
2. oxumağı bir məcburiyyət deyil, bir hobbi kimi görməyə çalışın
3. vərdişin formalaşmasında yavaş-yavaş başlayın. Bunu üçün 10 dəqiqə qanunundan istifadə edin. Gün ərzində dayanmadan 10 dəqiqə oxuyun və oxuduğunuz müddətdə həzz aldığınız fəaliyyət ərzində keçirdiyiniz hissləri keçirməyə çalışın, oxuduqlarınıza təəcüblənin və hər yeni məlumatın nə böyüklükdə işin nəticəsi olduğunu təsəvvür edin
4. oxuduqlarınız sayəsində böyük bir məlumat bazasının bir hissəsi olduğunuzu hiss edin. Belə etsəniz daha çox məlumat almaq istəyiniz yaranacaq.