Gündəlik həyatımızda münaqişəli hallara düşə və ya münaqişəli halları müşahidə edə bilərik. Əslində münaqişə nədir?
Münaqişə – iki və ya daha artıq insanın məqsədlərdə, baxışlarda, fikirlərdə, maraqlarda və s. ziddiyatı. Hər bir insanın davranışı ziddiyatın növündən, münaqişədə kiminlə olduğundan və s. amillərdən asılı olaraq fərqlənir. Lakin ümumi şəkildə maraqlar üzrə baş verən münaqişələrdə insanın meyil etdiyi davranış tərzini müəyyən edə bilərik.
Kennet Tomas münaqişələrdən qaçışı düz hesab etməyərək, insanların düşünərək həll edə biləcəyinə əsaslanaraq “münaqişəli hallarda həll yolları” üzərində işləməyə başlayıb. Nəticədə, Ralf Kilmenla birlikdə, insanın davranışının iki əsasını müəyyən edib:
Başqalarının maraqlarına əsaslanan davranış – kooperasiya;
Öz maraqlarına əsaslanan davranış –iddialılıq.
Bu iki əsasa uyğun olaraq artıq beş davranış tərzi müəyyən edilir:
Rəqabət – başqasının maraqlarının zərəri dəyərinə öz maraqlarına nail olmaq.
Uyğunlaşma – başqasının maraqları xətrinə öz maraqlarından keçmək.
Güzəşt– qarşılıqlı güzəştlərə əsaslanan razılaşma; yaranan zidiyyatı aradan qaldıracaq variant təklif etmək.
Yayınma– əməkdaşlığa və öz məqsədlərinə çatmaq meylinin olmaması.
Əməkdaşlıq – hadisənin iştirakçıları hər iki tərəfin maraqlarına nail olacaq alternativi qəbul edir.
Hər bir insan maraq münaqişəsində bir davranış tərzinə meyil edir və daha çox nümayiş etdirdiyi davranış tərzi Tomasın sual kitabçası ilə müəyyən edilə bilər.