Bu tərbiyə üslubu ilə valideyn övladının "azadlığını", müstəqilliyini və rahatlığını formalaşdıraraq, ona istədiyi hər şeyi etməyə imkan verir, onun davranışına heç bir məhdudiyyət tətbiq etmir. Uşağa valideyn tərəfdən heç bir köməklik göstərilmir və müdaxilə olunmur, çox vaxt onun şəxsiyyətinin formalaşmasında ana-atası rol oynamır. Laqeyd tərbiyə üslubunu mənimsəmiş valideyn tərəfdən uşağın işinə müdaxilə olunmur, başqa sözlə desək, uşağın problemlərinə soyuq (laqeyd) yanaşma göstərilir. Laqeyd və avtoritar tərbiyə üslubları bir-birlərinə əks olsalar da, ortaq cəhətləri kimi valideynlə uşaq arasındakı soyuq münasibəti, inamsızlığı qeyd etmək olar. Bu tərbiyə üslubu ilə böyüyən uşaqlarda dərs prosesi zamanı yersiz inadkarlıq, aqressivlik, qaydalara riayət etməmək, münaqişələrə meyillilik, özünü bəyənmə, ümumiyyətlə öyrənmək istəyinin olmaması kimi xüsusiyyətlər qabarıq nəzərə çarpır və bu xüsusiyyətlər onun ibtidai məktəb çağında şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir. Bu tip uşaqlar həmçinin ozlərinin sevilmədiyini düşünürlər.
Ailəsində laqeyd tərbiyə üslubuna üstünlük verilən məktəblilər dərs prosesi zamanı çox tez yorulur və hər hansı bir bəhanə ilə dərsdən yayınmağa çalışırlar. Çox vaxt bu şagirdlər müəllim tərəfdən verilən tapşırıqlara və dərs prosesi zamanı üzərlərinə düşən müxtəlif öhdəliklərə qarşı məsuliyyətsiz yanaşırlar. Bu cür uşaqlar üçün çox vaxt qadağa və ya əxlaq normaları anlayışı mövcud olmur. Onlar artıq ibtidai sinif yaşlarından təhsil fəaliyyətinə köklənmək yerinə, sonda alacaqları qiymətlərlə maraqlanırlar.
Artıq kiçik yaşlardan bu uşaqlarda özünə inam hissi kobudluq dərəcəsində özünü biruzə verməyə başlayır, böyüdükcə bu xüsusiyyət özünü daha da qabarıq formada biruzə verir. Burada yuxarı sinif şagirdinin heç nəyə əhəmiyyət vermədən valideyninə qarşı kobud rəftarını misal gətirmək olar. Belə uşaqların xarakterində erkən uşaqlıq yaşlarından etibarən sıx-sıx “vəd vermək” davranışı özünü göstərir, lakin onlar çox nadir hallarda vədlərini yerinə yetirirlər.
Aşağıda laqeyd tərbiyə üslubuna üstünlük verən valideynlər üçün bəzi tövsiyələrlə tanış ola bilərsiniz:
- Övladınıza qarşı ünsiyyət taktikanızı və münasibətinizi dəyişdirməyə, qarşılıqlı inam vəhörməti bərpa etməyə çalışın.
- Ailədə müəyyən qayda və məhdudiyyətlər sistemi tətbiq edin, uşağınızın həyatında biləvasitə iştiraka üstünlük verin.
- Uşağın ailədəki funksional məsuliyyətlərini, tələblərinizi və gözləntilərinizi dəqiq müəyyənləşdirərək, onun ailənizin həyatında iştirak etməsinə köməklik göstərin.
- Ailədə yaranmış problemləri, anlaşılmazlıqları həll etmək üçün ailə məclisinizi yaradın.
- Uşağa qarşı "isti münasibət" göstərərək, ona sizin üçün necə vacib, əhəmiyyətli və vazgeçilməz biri olduğunu hiss etdirin, daim onunla söhbət edərək fikrini soruşun.
- Sizin övladınızın həyatında səmimi iştirakınıza onun ehtiyacı olduğunu heç vaxt unutmayın!