Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Komplekslər stresin katalizatoru kimi

Yeniyetməlik dövrünün başqa bir adı da keçid dövrüdür. Bu zaman bədən böyüyür və uşağın görünüşü və davranışı dəyişir. Yeniyetməlik dövründə uşaqda müxtəlif komplekslər yaranır və onlardan qurtulmaq çətin olur. Özgüvəni aşağı olan yeniyetmə qız güzgüyə baxdığında özünü bəyənməyə və "mən çirkinəm, kiloluyam, ayaqlarım əyridi, üzümdə sızanaqlar var və s." kimi ifadələr işlədə bilər. O, əvvəlcədən başqaları tərəfdən bəyənilməyəcəyini düşünə və buna görə də özünə qapana bilər. Bu cür komplekslər stresin yaranmasına səbəb olur. Yeniyetməlik dövrü - insan həyatının ən çətin dövrlərdən biridir. Yeniyetmə çox həssas olur. Bu yaş dövründə uşağın psixikası tamamilə dəyişir və o, yetkinliyə addım atır. Bu çətin keçid dövründə uşağın psixikası stresə məruz qalarsa onun gələcəkdə xeyirxah insan kimi formalaşması çətinləşir. Daim beynində qurduğu çatışmazlıqlar haqqında düşüncələr onda müxtəlif fobiyaların (dismorfofobi) yaranmasına və özünə qapanmasına səbəb olur. Digər yaş dövrlərindən fərqli olaraq, məhz yeniyetməlik dövründə yaşanan stres həm fiziki, həm də zehni sağlamlığın pisləşməsinə səbəb ola bilər. Streslə qarşılaşan yeniyetmənin immun sistemi sarsılır və onda xəstələnmə ehtimalı daha yüksək olur. Komplekslər fonunda yaranan stres depressiyaya çevrilə bilər. Həmyaşıdlarından uzaq qalmaq, onlarla ünsiyyət qurmamaq yeniyetmələrdə stres əlaməti ola bilər. O, öz güc və imkanlarından əmin  olmadığı üçün özünə asanlıqla qapanır.

Əsas məsələ stresin hadisənin özü olmadığını, hadisəyə psixoloji reaksiya olduğunu dərk etməkdir. Mənfi psixi enerji nə qədər çox toplanarsa, bir o qədər psixikamızın və bədənimizin müqavimətini tükəndirərək zərər verə bilər.

Stresli vəziyyətin əsas əlamətləri:

Əhval tez-tez dəyişir və ya davamlı mənfi əhval-ruhiyyə üstünlük təşkil edir.

Yuxu rejimi pisləşir, yuxuya getmək çətin olur və insan narahat yatır. İnsan hər zaman asanlıqla gördüyü işdən indi tez yorulur. Əsassız küsə, boş və əhəmiyyətsiz səbəbdən asanlıqla gözyaşlarına boğula və ya əksinə çox aqressiv ola bilər.

Yeniyetmədə fikir dağınıqlığı, unutqanlıq, özünə və gücünə inamsızlıq, çəki itkisi və ya əksinə piylənmə kimi əlamətlər, eləcə də yaddaş pozuntusu, təxəyyül prosesində çətinliklər, diqqətin zəif konsentrasiyası, daha əvvəllər aktiv fəaliyyətə səbəb olan hər bir şeyə marağın itməsi müşahidə oluna bilər.

Əsas profilaktik və korreksiya vasitələri:

Böyüklər, uşaqda baş verən dəyişikliklərin öz-özünə keçməsini gözləməməli, onun davranışında baş verən hər bir detalı siqnal kimi qəbul etməlidir. Əksinə, valideyn onu narahat edən hər bir şey haqqında onunla danışmalıdır. Yeniyetmədə komplekslər xırda şeylərdən (eynək, diş breketləri) qaynaqlana bilər. Həmyaşıdlarının onu ələ salması səbəbindən yeniyetmə istifadəsi sağlamlığı üçün mühüm olan vasitələrdən imtina edə bilər. Alternativ olaraq, görmə problemi olan yeniyetməyə  eynək əvəzinə kontakt linzalardan, eləcə də diş və dişləri düzgün olmayan yeniyetməyə şəffaf breketlərdən istifadə etməsini təklif edin. Bunların hamısının onun sağlamlığı üçün vacib olduğunu başa salaraq sübut etməyə çalışın. Xarici görünüşü ilə bağlı komplekslərlə yanaşı, yeniyetmə həm də ailəsinin maddi durumundan qaynaqlanan komplekslərdən əziyyət çəkə bilər. Uşaqlar həmyaşıdlarından daha aşağı səviyyədə yaşamaq istəmədikləri üçün, bəzən yoxsulluqlarını etiraf etməkdən çəkinirlər. Uşaqlarınıza ailənizin maddi durumunun sizdən asılı olmayan səbəblərə görə zəif olduğunu və bunun həyatın şərtləri ilə əlaqəli olduğunu izah edin. Unutmayın ki, övladınızı imkanlı ailələrin uşaqları ilə eyni təhsil ocağına göndərsəniz, onun geyim və aksesuarları da ətraf mühitə uyğun olmalıdır,  əks halda komplekslərin yaranması ehtimalı artacaq. Belə məktəbin uşağınıza gətirəcəyi fayda və zərəri götür qoy edin. Çünki, əvvəl də qeyd etdiyimiz kimi, yeniyetmə kompleksləri stresə səbəb ola bilər.