Kompleks nədir?
Insan inkişafı uzun və mürəkkəb bir prosesdir. Hər bir şəxs öz həyatı boyunca ona həm positiv, həm də neqativ təsir edən fərqli vəziyyətlərlə qarşılaşır.
Kompleks - insanın psixikasının və şəxsiyyətinin inkişafına, eləcə də onun davranışlarına ciddi dərəcədə təsir göstərən, emosional çalarlı fikirlər, motivlər və münasibətlər toplusudur. Bununla yanaşı, kompleks insanın fiziki, psixi və sosial individuallığının başqaları ilə münasibətdə doğurduğu sosial ahəngsizliklə əlaqədardır.
Komplekslər, konfliktlər kimi həm pozitiv, həmdə neqativ təsirə malik ola bilərlər.
Neqativ təsir mənfi emosiyalar yarada bilər. Belə vəziyyət insanın aqressiv, əsəbi, kobud davranmasına və ya əksinə özünə qapanmasına, cəmiyyətdə özünü lazımsız hiss etməsinə, ünsiyyətdən qaçmasına səbəb ola bilər. Amma əgər kompleksin təsiri positivdirsə, bu, insanın inkişafına səbəb olur. Nəticədə bu, fərqli situasiyaların həlli üçün psixoloji bacarıqların formalaşmasına gətirib çıxarır.
Psixoloji komplekslərdən biri olan natamamlıq kompleksini ilk dəfə avstriyalı psixoloq və psixoterapevt Alfred Adler təsvir edib. Bu komplekslə yaşayan insan irassional (səbəbsiz) şəkildə özünü hamıdan aşağı qiymətləndirir. Sonradan bu kompleks depressiyaya gətirib çıxara bilər.
Natamamlıq kompleksinin 3 səbəbi var:
- Fiziki natamamlıq. İnsan özünün hər hansı bir orqanının zəifliyini kompensasiya etməyə çalışır. Məsələn, eşitmə, danışma və görmə qabiliyyətini itirən Helen Keller bu fiziki problemlərinə baxmayaraq ali təhsil almış, sonradan məşhur yazıçı və fəal ictimai xadimə çevrilmişdi. O, O, həyatın çətinliklərinə baxmayaraq, iradə, həyat sevgisi və dayanıqlıq nümayiş etdirərək həyatına rəng qatmaq üçün çox səyahət etmişdi.
- Ərköyünlük. Həddindən artıq himayə uşaqda özunə qarşı inamsızlığın yaranmasına səbəb olur, çünki həmişə onun yerinə hər şeyi başqalarının etməsinə öyrəşib. Beləliklə də həmin şəxsin bütün istəkləri digərləri tərəfindən yerinə yetirildiyi üçün insanlarla əməkdaşlığa ehtiyac duymayıb.
- Rədd olunma. Bu tip insanlarda özünə inam hissi inkişaf etmir. Onlar özlərini cəmiyyətdə sevilməyən və faydasız hiss edirlər.
“Günahkar” kompleksi. Bu komplleksdən əziyyət çəkən insan daim ədalətlik hissi ilə yaşayır. Amma hər hansı bir hadisədə səhv qərar verilsə, o, baş verənlərlə əlaqəsi olmasa belə, özünü günahkar hiss edəcək. Bu tip insanlar bütün səhvlərdə özlərini günahlandırmağa meyllidirlər.
“Qəhrəman” kompleksi. Belə insanlar daim diqqəti özlərinə cəlb etməyə çalışırlar. Onlar kimisə xilas etmək üçün süni situasiyalar belə yarada bilərlər.
“Əlaçı” kompleksi. Bu kompleksi olan insanlar mükəmməllik üçün əbədi mübarizə hissi ilə yaşayır. Bu vəziyyətdə əsas hədəf işin özü deyil, işdə ən yaxşı olmaqdır.
“Zəif şagird” kompleksi. Zəif oxuyan şagird nailiyyətlərinin müəyyən bir səviyyədən yüksək olmayacağına inanır, çalışmağı mənasız hesab edərək, həyatın axarı ilə yaşayır.
“Qurban” kompleksi. Hər hansı bir hadisə baş verdikdə, bu kompleksin sahibi öz günahını görmür və vəziyyət necə olursa olsun, hər zaman başqalarını günahlandırır.
Qeyd etdiklərimiz mövcud olan komplekslərin yalnız bir hissəsidir.
Kompleksin yaranmasına səbəb olan hallar vacib deyil. Vacib olan insanın bundan sonrakı seçimidir. Çünki kompleksə tabe olub onunla yaşamaq, yoxsa onu aradan qaldıraraq daha xoşbəxt həyata nail olmaq arasındakı seçim hər bir insanın özünə aiddir.
Düzgün seçim edin!
Özünüzü sevin və sevilin!