Köhnə vərdişləri dəyişdirib,onları yeniləri ilə əvəz etmək niyə bu qədər çətindir?
Vərdişlərin formalaşma mexanizmlərini öyrənərək, özümüzə "faydalı" olan yenilərini aşılamaq istəyirik: oxumaq, düzgün qidalanmaq, yeni dil öyrənmək. Lakin müəyyən müddətdən sonra təslim olaraq adi həyat tərzimizə qayıdırıq. Belə hallarda həvəsdən düşərək tənbəl olduğumuz və davranışlarımızı idarə edə bilmədiyimiz haqda fikirlərə qapılmağa başlayırıq.
Neyrobiologiya nöqteyi-nəzərindən vərdişlər yaddaşımızın bir hissəsidir. Deklarativ yaddaş bir yaddaş forması olaraq özündə faktlar haqda məlumatı həkk edir. Prosedur yaddaş isə bacarıqlar haqqında məlumatların yaddaşda saxlanılmasından cavabdehdir. Deklarativ yaddaş hipotalamusda və beynin frontal-alın payında, prosedur yaddaş isə striatumda və bazal qanqlilərdə yerləşir. Buna görə də beyin zədələnmələrinin növünə görə fərqli mənzərə müşahidə olunacaq. Hipotalamus zədəsindən sonra insan tədricən hər hansı bir dili və ya gitarada ifa etməyi öyrənə bilər, lakin bunu nə vaxtsa öyrəndiyi faktını xatırlaya bilməz. Striatum və ya bazal qanqlilər zədələnərsə, o zaman insan bütün faktları (yeni və köhnə) xatırlayacaq, lakin avtomatlaşdırılmış hərəkətləri həyata keçirə bilməyəcək: velosiped sürmək, qəhvə hazırlamaq və s.
Vərdişləri bazal qanqlilər və striatum idarə edir, ona görə də onlar bacarıqların sabit olduğu qədər sabitdirlər. Vərdiş avtomatik və şüursuz həyata keçirilən bir davranış formasıdır, lakin bunu vərdiş halına gətirmək üçün ilk olaraq şüurlu bir seçim etməli və uzun müddət bu seçimə uyğun hərəkət etməliyik. Məsələn, bir müddət mütəmadi olaraq evə qayıdarkən çips yeməyə qərar verirsiniz. Bəzən çox ac olduğunuz və axşam yeməyinə qədər dözə bilmədiyiniz üçün, bəzən naharı gec etdiyiniz və hələ axşam yeməyi üçün kifayət qədər acmadığınız üçün və ya tamdəyərli bir axşam yeməyi etməyə vaxtınız olmadığı üçün, səbəblər fərqli ola bilər. Sonra isə ayılırsınız ki, əlinizdə boş bir çips paketi var, hansını ki əslində heç yemək istəmirdiniz. Evə gəlib çips yemək əsas vərdişə çevrilib. Mühit və yer dəyişikliyi vərdişlərin korrektə və aşılanmasında çox effektiv faktordur. Yerimizi və mühitimizi dəyişdikdə yeni vərdiş formalaşdıra bilərik, məsələn, mağazadan tərəvəz almağı seçim edərək bunu vərdişə çevirə bilərik, ancaq bu heç vaxt əsas vərdişə çevrilməyəcək. Çünki, yeni vərdişlər yalnız əsas vərdişlərin üzərinə yığılır, ona görə də kifayət qədər güclüdürlər. Buna görə də yeni evə köçəndə siz yenə çips istəyəcəksiniz. Ancaq bu normaldır və buna görə özünüzü günahlandırmağa ehtiyac yoxdur, çünki beyniniz lazım olduğu kimi işləyir. Köhnə və zərərli saydığınız vərdişlərdən qurtulmaq üçün eynilə mühit və yer dəyişikliyi faktorundan istifadə edərək beyninizi aldada bilərsiniz. Bunun üçün yeni eviniz üçün çips almamaq kifayət qədər effektiv addım ola bilər. Yəni əsas zərərli vərdişlərlə işiniz ətraf mühiti dəyişmək vasitəsi ilə həyata keçir. Ətraf mühit bir çox amillərdən ibarətdir: gününüzün rejimindən yeni təmirə qədər. Bu yolda sizə özünüzə olan münasibətiniz üzərində işləmək və onu dəyişməyə çalışmaq da kömək edə bilər. Növbəti dəfə sizin qarşınızda seçim olduğu zaman şəxsiyyətinizə etibar edin. Tutaq ki, sizə tort təklif olundu və siz “mən çalışıram şirin bir şey yeməyim” desəniz, şirniyyat yeməməyə çalışan bir şəxsiyyət olaraq qalırsınız, ancaq "mən şirniyyat yemirəm" deyirsinizsə, o zaman siz olmaq istədiyiniz şəxsiyyətə bir addım daha yaxınlaşırsınız.
Bunları bilərək biz gələcəkdə hər hansı bir seçiminizin vərdişə çevrilə biləcəyini hər zaman ağlımızda tutmalıyıq. Və o zaman növbəti dəfə gündəlik seçiminizdə daha diqqətli olarıq.