Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Əlaçı şagird və tələbələrin vərdişləri

Biz təkrarladığımız davranışlardan ibarətik.
Məhz buna görə də mükəmməllik əməl yox, vərdişdir.
 
Aristotel
  
Uğurlu insanları digərlərindən fərqləndirən əsas cəhət onların vərdişləridir. Sabahsı gün özünün nə dərəcədə uğurlu insan olacağını bilmək istəyirsənsə, bu günkü vərdişlərinə diqqət et. Çünki sabah nail olacaqların bu gün etdiklərinin nəticəsi olacaq. Yüksək zehni qabiliyyətlər, istedad və yaradıcı potensial özü-özlüyündə uğur qazanmaq üçün kifayət deyil. Onlar yalnız müvafiq çalışma rejimi və vərdişlərlə dəstəkləndiyində səni uğura aparıb çıxarda bilər. Əgər sənin hal-hazırda öyrənməklə əlaqədar vərdişlərin formalaşmayıbsa, ilk başda bu vərdişləri formalaşdırmaq üçün iradə göstərməlisən. Elmi araşdırmalar sübut edir ki, bir davranış davamlı təkrar edildikdə 21 gün sonra vərdişə çevrilməyə başlayır. Davranışın tam şəkildə vərdişə çevrilməsi üçün lazım olan müddət insanın fərdi keyfiyyətlərindən və yaşadığı mühitdən asılı olaraq 254 günə qədər uzana bilər. Yüksək idraki marağa sahib olan insanların öyrənmə ilə əlaqədar vərdişlər formalaşdrıması nisbətən asan başa gəlir. Əgər dərslər səndə kifayət qədər maraq oyatmırsa, onda dərsə öz arzularına çatmaq üçün bir vasitə kimi bax. Xəyal qur, o xəyala çatmaq üçün özünə konkret hədəflər qoy. Bu hədəflərə nail olmaq yolunda dərslərin əhəmiyyətini dərk et və hər günün sonunda qoyduğun hədəfə bir addım yaxınlaşdığını hiss et. Getdikcə idraki maraq da canlanacaq və sən prosesdən zövq almağa başlayacaqsan.
 
Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar nəticəsində ən uğurlu tələbələrin çalışma rejimində istifadə etdikləri metodlar və onların vərdişləri müəyyən olunub. Aşağıda sadalananlar həmin metod və vərdişlər arasında ən çox diqqət cəlb edənlərdir. Bunlara əlavə olaraq öz xarakterini və ailə şəraitini nəzərə alaraq özünə uyğun olan başqa vərdişlər də formalaşdıra bilərsən. Səni ən yaxşı sən özün tanıyırsan. Əsas odur ki, özünlə səmimi ol və həyatının məsuliyyətini öz üzərinə götür.
 
1. Vaxtı idarə etməyi öyrən
Planlı yaşayan insanların həyatda daha uğurlu olması elmi təcrübələrlə sübut olunub. Günlük, həftəlik, hətta aylıq planlar yaz və onlara riayət et. İdman məşqləri, kinoya getmək, dostlarla vaxt keçirmək və digər məşğuliyyətlər gündəlik plana uyğunlaşdırılmalıdır. Dərs və istirahət bu planın əsas maddələri olmalıdır. Bütün dərslər və əyləncə üçün vaxtı elə böl ki, gecə 6-8 saat yatmaq üçün vaxtın qalsın. İmtahanların, yoxlama işlərinin, vacib dərslərin, bayramların, ailəvi tədbirlərin tarixlərinin qeyd olunduğu uzun müddətli təqvim tut. Uzun müddətli plan mühüm hadisələrlə əlaqədar gözlənilməzlik effektini aradan qaldırır və stressi azaldır. Planlı yaşamaq əvvəlcə sənə çətin gələ bilər, amma başlanğıcda iradə göstərib bir-neçə həftə plana riayət edə bilsən, bu rejimə alışmağa başlayacaqsan. Planlı rejimin dərslərinə müsbət təsir etdiyini hiss etdikcə həvəsin artacaq. Əgər plana rəğmən dərslərdə irliləyiş əldə edə bilmirsənsə, deməli nəyisə düzgün etmirsən. Planı yenidən gözdən keçir. Planın balanslı olmasına diqqət yetir: nə çox sərt, nə də çox sərbəst olmamalıdır. Bəzən riayət etmədiyin maddələr ola bilər. Onları sonradan tamamla. Əsas odur ki, özünlə səmimi ol. Özünü aldatmadan effektiv çalışma sistemi qur.
 
2. Fasilələrlə oxu
Çox vaxt elə olur ki, biz saatlarca kitaba baxırıq, amma oxuduqlarımız yadımızda qalmır. Elmi tədqiqatlar göstərir ki, qısa fasilələrlə oxuduqda və ya məşq etdikdə beynimiz məlumatı və ya davranışı sinapslara (beyin hüceyrələri arasındakı məlumat ötürmə bağlantıları) daha yaxşı kodlayır və onlar daha dərin həkk olunur. Məhz buna görədir ki, bir sıra idman və musiqi məktəblərində məşqlər qısa sessiyalarla aparılır. Məsələn, 4 saat dayanmadan oxumaqdansa, oxuma prosesini 30-40 dəqiqəlik sessiyalara bölmək daha səmərilidir. Sessiyalar arasındakı fasilə üçün optimal müddət 10 dəqiqədir. Adətən fasilə 15 dəqiqədən uzun olanda diqqəti yenidən toplamaq çətin olur. Təəssüf ki, çox vaxt biz beynimiz yorulanda, kiminsə mesajına cavab vermək və ya sevdiyimiz seriala baxmaq üçün dərsə fasilə veririk. Söhbət bu cür fasilədən getmir. Fasilələr beyinin fəaliyyətini gücləndirmək üçün planlı şəkildə verilməlidir. Fasilə müddətində yüngül fiziki və ya nəfəs hərəkətləri serotonin, endorfin və dopamin kimi xoşbəxtlik duyğusunu artıran neyro-ötürücüləri aktivləşdirir, bu isə beyinin işləməsinə müsbət təsir edir.
 
3. Öyrənmə modelini müəyyən et
Özünün qavrama tipini müəyyən et və ona uyğun öyrənmə modeli yarat. Görmə tipli insanlar öyrənmə prosesində jestlərdən, təsviri dildən, şəkil, video, diaqram, sxem, xəritə kimi əyani vəsaitlərdən istifadə etməli, oxuduqlarını xəyalında canlandırmalı, onların sxemini çəkməlidir. Eşitmə tipli insnlar mövzunu qrup şəklində bir-birinə danışdıqda, səs yazan cihazlardan istifadə etdikdə, oxuduqlarını ucadan təkrar etdikdə daha yaxşı öyrənirlər. Təcrübə tipinə aid insanlar isə prosesi yaşayanda daha uğurla öyrənirlər. Onların rol oynamalar, laboratoriya ziyarətləri, kompüter proqramları və mobil tətbiqetmələrdən istifadə etmələri məsləhətdir (Öyrənmə tipləri haqqında ətraflı məlumat almaq üçün ayrıca məqaləmizi oxu və videomuzu seyr et).
 
4. Fəlakət senarilərindən qurtul və böyüyən zehniyyət formalaşdır
Mən bu dərsi başa düşə bilmirəm”, “Mənim bacarıqlarım məhduddur”, “İndi oxusam da imtahan günü yadımdan çıxacaq” tipli neqativ düşüncələrdən qurtul. Özündə böyüyən zehniyyət formalaşdır. Ola bilər ki, sən bəzi fənləri və ya mövzuları digərlərinə nisbətən çətin qavrayasan və ya onlardan aşağı qiymət alasan. Məyus olmağa və ya səndən irəlidə olanlara baxıb ruhdan düşməyə dəyməz. Qabiliyyət və bacarıqlar sabit keyfiyyətlər deyil. Zəif cəhətlərinin üzərində israrla işləməklə özündə yeni qabiliyyətlər formalaşdıra və ya olan qabiliyyətlərini daha da gücləndirə bilərsən. Dərsini öyrənərkən və ya müəllimi dinləyərkən anlamadığın məqamlarla qarşılaşdıqda həvəsdən düşmək əvəzinə anlamamağının səbəbini araşdır, qeydlərini və ya keçmiş dərsləri gözdən keçir. Buraxdığın və ya unutduğun yerləri tap və öyrən. Lazım olsa əlavə məşğələyə get. Unutma, hər dəfə çətinlikləri aşanda öz düşünmə və öyrənmə qabiliyyətini gücləndirirsən (Böyüyən zehniyyət haqqında ətraflı məlumat almaq üçün ayrıca məqaləmizi oxu və videomuzu seyr et).
 
5. Effektiv öyrən.
Öyrənmək saatlarca kitab oxumaqdan və ya əzbərləməkdən ibarət deyil. Effektiv öyrənmək üçün bəzi metodlardan istifadə etmək lazımdır.
a. Sabahkı dərsi əvvəlcədən oxu. Mövzu ilə əvvəlcədən tanış olmaq öyrənmə stressini azaldır. İnsan əvvəlcədən tanış olduğu məlumata daha diqqətlə qulaq asır və onu rahat yadında saxlayır.
 
b. Müəllim dərsi keçdikdən sonra mövzunu oxu, mühüm məqamları qeyd et. Təzə keçilmiş dərslə əlaqədar fikirlər insanın beynində aktiv olur. Buna görə də dərs keçilən gün onu oxuyanda diqqəti toplamaq daha asan olur.
 
c. Özünü suallarla yoxla. Yaddaşı formalaşdırmanın iki mərhələsi var: məlumatı yaddaşa daxil etmək və məlumatı yaddaşdan çağırmaq. Biz məlumatı yaddaşdan çağıranda beynimiz gərilir və həmin biliklə əlaqədar çoxlu zehni assosiasiyalar yaradır. Bu isə həmin məlumatın yaddaşda daha rabitəli qalmasına səbəb olur. Dərsi oxuduqdan sonra özünü suallarla yoxla. Bir neçə gün sonra kitaba və qeydlərə baxmadan dərsi danışmağa və ya yazmağa çalış. Mütəmadi olaraq özünü imtahandan keçir.
 
d. Zehni xəritə yarat. Hər dərsin və ya mövzunun məğzini anlamağa çalış. Fikir və anlayışları ayrılıqda yox, bir-biri ilə əlaqəli şəkildə öyrən və zehni xəritə çək. Zehni xəritə metodu fikir və anlayışların bir-biri ilə əlaqəli şəkildə öyrənilməsinə və yadda saxlanmasına kömək edir. Bu vaxt bir anlayış, fakt və ya tarix kağızın mərkəzində yazılır, sonra onunla əlaqəsi olan digər anlayış və faktlar diaqramın digər budaqları kimi çəkilir. O budaqlardanda öz növbəsində başqa budaqlar ayrılır. Bu, həm mövzunu tam olaraq qavramaq, həm də öyrəndiklərinizi yaddaşdan çağırmaq üçün effektiv metoddur.
 
e. Qeyd vərəqələrindən istifadə et. Yadda saxlamaqda çətinlik çəkdiyin məqamları qeyd vərəqələrinə yaz. İmtahan öncəsi onları təkrarla. Qeyd vərəqəsinin üst tərəfində yadda saxlamaq istədiyin anlayış və ya fikri təsvir edən şəkil və ya simvol çək. Arxa tərəfində isə onun izahını yaz. Hər dəfə şəklə baxıb arxa tərəfdəki məlumatı xatırlamağa çalış. Üst tərəfdə şəkil çəkmək anlayışın beyində vizual assosiasiya yaratmasına və rabitəli şəkildə yadda qalmasına kömək edəcək. Buna psixologiyada şəklin üstünlüyü effekti deyilir.
 
f. Hər tapşırığa lazımi qədər vaxt ayır. Konkret tapşırığı yerinə yetirmək üçün lazım olan vaxtı doğru müəyyən et. Bir çox tələbə konkret mövzunu öyrənmək və ya tapşırığı yerinə yetirmək üçün lazım olandan az vaxt ayırır. Öyrənmə sürətli proses deyil. Bir materialı mənimsəmək üçün ona kifayət qədər vaxt və diqqət ayırmalısan.
 
6. Qısa-müddətli realist hədəflər qoy
Təbii ki, bir günə 5 mövzunu öyrənmək müşkül məsələdir. Bu cür qeyri-real hədəflər qoysan, dərs sənə əziyyət kimi gələcək və başlamaq üçün özünü toparlamaq çətin olacaq. Yaxşı olar ki, hər bir hazırlıq sessiyası üçün ayrıca realist hədəflər qoyasan. Bu hansısa qaydanın öyrənilməsi, tənliyin həlli və ya mətnin tam mənimsənməsi ola bilər. Hər sessiya üzrə qoyduğun hədəfi tam yerinə yetir ki, həm inamın güclənsin həm də növbəti mövzuya diqqətini tam şəkildə yönəldə biləsən.
 
7. Diqqətini yayındıran şeylərdən qurtul
Bir əldə bir-neçə qarpız tutmaq olmaz. İş otağını və ya iş guşəni səhmana sal, diqqəti yayındıran elementlərdən qurtul. İş guşəndəki hər şey sənin diqqətini oxumağa yönəltməlidir. Bir dərsi oxuyarkən digər dərslərə aid kitabları masanın üstündən yığışdır. Dərsi çarpayı və ya alçaq divanda yox, öz boyuna uyğun masada televizor və ya digər səs-küydən uzaq yerdə oxu. Bəzən sakit tonda instrumental musiqi altında oxumaq olar, amma tam sakitlikdə oxumaq daha yaxşıdır. Dərs oxuyarkən mobil cihazını söndür. Araşdırmalar göstərir ki, iş prosesində gələn bir mobil mesajı oxumaq 5-10 saniyə çəksə də, ondan sonra diqqəti əvvəlki səviyyəyə gətirmək üçün 20-30 dəqiqə vaxt lazımdır.
 
8. Yardım al və yardım et
Məşhur bir söz var: bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Bir şeyi bilməmək, anlmamaq, heç də uğursuz olmaq demək deyil. Lakin təkəbbürə qapılıb zəif cəhətləri gizlətmək uğursuzluğa zəmin hazırlaya bilər. Bilmədiyin, anlamadığın mövzularla əlaqədar, yoldaşlarından yardım al. Təbii ki, bilmədiyin şeylərin bəzilərini internetdən də öyrənə bilərsən, amma istənilən halda bir başqasından soruşanda sən təkəbbürünü yenirsən, bu isə bilmədiyini öyrəməklə yanaşı, psixoloji vəziyyətinə də müsbət təsir edir. İnsanın qorxuları onun eqosu ilə əlaqədardır. Bir başqasından yardım alanda və ya bildiklərini başqa birisiylə paylaşanda sən eqonun sərhədlərindən kənara çıxırsan, qorxuların azalır, diqqətin və düşünmə qabiliyyətin güclənir. Öyrəndiklərini izah edəndə və ya müzakirə edəndə sən öyrənmə dövriyyəsini tamamlayırsan və öyrəndiklərin sözün əsl mənasında biliyə çevrilir (Bu mövzu haqqında ətraflı məlumat almaq üçün ayrıca məqaləmizi oxu).
 
9. Fərqli mənbələrdən istifadə et
Təbii ki, əsas bilikləri dərs kitablarından alırsan. Amma əlavə mənbələrdən istifadə etməklə biliklərini möhkəmləndirə və genişləndirə bilərsən. Ədəbiyyat və tarix kimi fənnlərdən keçdiyin mövzularla əlaqədar əlavə kitablar oxumaq, bədii və sənədli filmlər seyr etmək həm biliklərini dərinləşdirir, həm də öyrənməni əyləncəli prosesə çevirir. Bu proses insanda idraki marağı gücləndirmklə yanaşı, mövzunun geniş kontekstdə öyrənilməsinə, daha çox zehni assosiasiyalar qurulmasına, real həyatla əlaqəsinin daha yaxşı dərk olunmasına, beləliklə də onun əsl biliyə çevrilməsinə səbəb olur. Bu tip öyrənmə nəticəsində beyində dopamin adlı məmnuniyyət hormonları aktivləşdir və zövq duyğusu yaranır.
 
10. Fiziki və psixoloji sağlamlığına fikir ver
Sağlam bədəndə sağlam ruh olar. Sağlam həyat tərzi üçün lazım olan addımları at.
 
Hər şeydən öncə gün ərzində 6-8 saat yat. Yatmaq həyatımızın 1/3 hissəsini təşkil edir. Çox adam yatmağa itirilmiş vaxt kimi baxır. Bu heç də belə deyil. Biz yatanda orqanizm özünü bərpa edir. Eyni zamanda, dərin yuxu zamanı qısa müddətli yaddaşda yerləşən məlumatlar uzun müddətli yaddaşa çevrilir.
 
Beyin üçün faydalı qidalar qəbul et. Həddindən artıq şəkər, işlənmiş qida, qazlı içki, yağlı yeməklər və fast food beyin üçün zərərlidir.
 
İdman, nəfəs hərəkətləri və meditasiya ilə məşğul ol. Nəfəs hərəkətləri və idmanla məşğul olduqda orqanizmdə endorfin adlı xoşbəxtlik hormonu aktivləşir. Endorfin məmnuniyyət duyğusu yaradır, ağrılara və çətinliklərə qarşı müqaviməti gücləndirir. Bu hormonun müntəzəm aktivləşməsi diqqətin güclənməsinə də səbəb olur.
 
Meditasiya zamanı sən beynində baş verən proseslərə bir növ kənardan baxmaq imkanı əldə edirsən və onları idarə etmə qabiliyyəti qazanırsan. Meditasiya insanda narahatlıq, gərginlik, qəmginlik, stress, qorxu kimi neqativ duyğuların zəifləməsinə, davamlılığın və dözümlülüyün artmasına səbəb olur. Eyni zamanda davamlı meditasiya ilə məşğul olan insanların beyninin yaddaş, öyrənmə və emosiyaların idarə olunmasına cavabdeh zonalarında beyin funksiyaları üçün əhəməyyitli olan boz maddənin artması müşahidə olunur.