Ali məktəbə qəbul olanların düşə biləcəyi psixoloji tələlər
Dünənki uğurunuza aldanıb mənəm-mənəmlik duyğusuna qapılmayın. Çünki buna imkan versəniz sabahkı uğursuzluğun təməlini atmış olarsınız
Oq Mandino
Ali məktəbə qəbul olmaq uzun hazırlıq prosesinin yekunu, xəyallar istiqamətində atılmış bir addımdır. Lakin uğursuzluqda olduğu kimi uğurun da insanlar üçün qurduğu ilk baxışda görünməyən tələlər var. Bu vəziyyəti düzgün idarə edə bilməyəndə qazandığınız uğur sizdə həddindən artıq rahatlıq və özündən razılıq duyğusu yarada bilər. İntel şirkətinin qurucularından Endryu Qrovun sözləri ilə desək bəzən uğur özündən razılığa, özündən razılıq isə uğursuzluğa səbəb olur. Tarixdə ən yüksək nailiyyətlərə çatmış insanlar uğursuzluqlar qarşısında sınmadığı kimi, uğur qarşısında da mənəm-mənəmliyə qapılmayaraq, eyni diqqət və çalışqanlıqla yollarına davam edənlərdir.
Bu yazıda ali məktəblərə qəbul olmuş gəncləri gözləyən bəzi psixoloji tələlər və onlara qarşı görülə biləcək bəzi tədbirlərdən bəhs edirik.
- Özündən razılıq. Ali məktəbə qəbul olaraq öz zəhmətinizin nəticəsini görməniz təbii olaraq sizdə məmnunluq duyğusu yaradıb. Bu duyğunun zövqünü yaşamaqla bərabər, onun qətiyyən özündən razılığa çevrilməsinə izin vermək olmaz. Bəzən gənclər ali məktəbə qəbul olmanı həddindən yüksək qiymətləndirir, onun sadəcə yeni bir başlanğıc olduğunu unudurlar. Əgər həqiqətən də yüksək səviyyəli mütəxəssis olaraq yetişmək istəyirsinizsə dərslərinizə eyni ciddiyyətlə davam edin və qəbul imtahanlarına hazırlıqda göstərdiyiniz çalışqanlıq və nizam-intizamı əldən buraxmayın. Özünüzə qarşı daim tələbkar olun.
- Əzbərə dayalı öyrənmə. Elmi araşdırmalar göstərir ki, orta təhsil zamanı uşaqlar çox vaxt cəza (aşağı qiymət, danlaq) və mükafatın (yüksək qiymət, tərif, hədiyyə) təzyiqi altında dərsin özü özlüyündə maraqlı və faydalı bir məşğuliyyət olduğunu unudur, ona qarşıya qoyulmuş bir vəzifə kimi baxırlar. Bu cür şərait uşaqlarda maraq duyğusunu zəiflədir və onlar mövzuları dərindən araşdırmaq və mənimsəmək yerinə, sadəcə ev tapşırıqlarını verilmiş formada vaxtında yerinə yetirməyə çalışır ki, bu da öz növbəsində fomallıq və əzbərçiliyə yol açır. Əzbərçiliyə dayalı öyrənmə qısa müddətli nəticələr versə də tələbələrin düşünmə, mühakimə qabiliyyətlərini və özünə inamını zəiflədir. Əzbərçi tələbələr yüksək qiymət aldıqda belə bir müddət sonra məlumatların unudula biləcəyini hiss edərək daim gərgin və daxilən inamsız olurlar. Ali məktəbdə əzbərçiliyə dayalı öyrənmə sizin ixtisas sahənizdə inkişafınıza ciddi əngəl törədə bilər. Belə ki, mənimsənməli materiallar orta məktəblə müqayisədə həm həcm, həm də müxtəliflik baxımından daha genişdir. Güclü mütəxəssis olaraq yetişmənin başlıca yolu öyrənmənin məlumat, qavrama, tətbiq, analiz, sintez və yaratmadan ibarət bütün mərhələlərini mənimsəyərək, əsaslı bilik və bacarıqlar formalaşdırmaqdan keçir.
- Müəllimlərdən asılı olmaq. Şübhəsiz müəllimlərin verdiyi dəyərli biliklər sizin təhsilinizin əsas hissəsini təşkil edir. Bununla yanaşı, müstəqil şəkildə öyrənmə və araşdırma qabiliyyətinin formalaşdırılması ən az müəllimin verdiyi biliklər qədər dəyərlidir. Unutmayın ki, müəllim də sizin kimi bir insandır və dərs yükü və vaxt azlığı nəticəsində elm sahəsindəki yeniliklərin hamısından xəbəri olmaya bilər. Digər tərəfdən geniş elmi ədəbiyyatı əhatə edən bəzi fənnlər üzrə dərs saatlarının məhdudluğu mövzuların tam çatdırılmamasına da səbəb ola bilər. Keçdiyiniz mövzular üzrə internetdən istifadə edərək araşdırmalar aparın, yeni kitablar, resurslar, müəlliflər kəşf edin, forumlarda fəal iştirak edin, problemlərə alternativ həll yolları tapın. Öz sahənizdə dünya miqyaslı alim və ya mütəxəssislərin həyatını öyrənin, onların əsas keyfiyyətlərini müəyyən edin və özünüzdə həmin keyfiyyətləri formalaşdırmağa çalışın.
- Diplomun əhəmiyyətini şişirtmək. Cəmiyyətimizdə keçmişdən qalma stereotiplərdən biri də diplomun əhəmiyyətinin həddindən artıq şişirdilməsidir. Bu yanaşmanın nəticəsində bəzi tələbələr ali təhsilin məqsədinin diplom almaq olduğunu düşünür və bunun üçün lazım olan minimum qiymətləri (kreditləri) almaqla kifayətlənir. Halbuki, gələcək peşə fəaliyyətinizdə, karyerada yüksəlməyinizdə sizin diplomunuzdan daha çox real bacarıqlarınız rol oynayacaq.
- Biliyin sabit bir şey olduğunu düşünmək. Sizin həyatda buraxa biləcəyiniz ən böyük səhvlərdən biri hər hansı konkret bilik və bacarıqların karyera və xoşbəxt həyat üçün kifayət olduğunu düşünməkdir. Elmin, texnikanın və bütövlükdə cəmiyyətin sürətli inkişafı nəticəsində bugün aldığınız biliklərin əhəmiyyəti getdikcə azala və onlar 15-20 il sonra tamamilə yarasız məlumat -vəziyyətinə düşə bilər. Bu şəraitdə özünüzdə formalaşdırcağınız əsas keyfiyyət davamlı öyrənmə və inkişaf qabiliyyətidir. Ali təhsil ömrünüzün sonuna qədər dəyişmədən istifadə edəcəyiniz biliklər vermir, o, sizin fasiləsiz inkişafınız üçün ciddi təməl yaradır.
- İxtisasa həvəssiz yanaşmaq. Bəzən özünün əsas seçimi olmayan ixtisaslara qəbul olan tələbələrdə dərslərə etinasız münasibət müşahidə edilir. Onlar daim istədiyi ixtisasa qəbul olmamalarından gileylənir və dərslərə həvəssiz yanaşırlar. Əgər siz bütün imkanlarınızı ölçüb biçdikdən sonra bu ixtisas üzrə təhsil almağı qəbul etmisinizsə, deməli bu sizin real seçiminizdir. Gileylənməni buraxıb diqqətinizi dərslərə yönəldin. Hər bir ixtisasın öz gözəlliyi var. İnsanlar bacardığı işləri daha çox sevirlər. Siz ixtisasla barışıb ciddi çalışmağa başlasanız özünüzdə ona uyğun bilik və bacarıqlar formalaşdracaqsınız. Bacarıqlar formalaşdıqca isə ixtisasınızı daha çox sevəcək, onunla əlaqədar xəyallar qurmağa başlayacaqsınız.
- Emosional inkişafı sərf-nəzər etmək. Sürətli inkişaf və yüksək rəqabətin hökm sürdüyü müasir dövrdə uğurlu insan olmaq üçün ixtisas bilikləri ilə yanaşı emosional intellektin də əhəmiyyəti böyükdür. Çətinlik və uğursuzluqlar qarşısında məyus olub geri çəkilməmək, insanlarla sağlam ünsiyyət qurmaq üçün öz duyğularınızı idarə etmə və başqalarının duyğu və düşüncələrini anlama (empatiya) kimi qabiliyyətlərin inkişaf etdirilməsi zəruridir. Buna nail olmaq üçün imkan düşdükcə psixologiya, fərdi inkişaf üzrə kitab və digər materiallar oxuyun, müvafiq mövzularda təlim və seminarlarda iştrak edin.
Son olaraq, istənilən halda ali məktəbə qəbul olmanın yekun hədəf yox, daha yüksək hədəfə gedən yolda bir pillə olduğunu yadda saxlayın. Və unutmayın ki, mükəmməllik sabit bir hədəf deyil, o, sonu olmayan inkişaf təcrübəsidir. Məmnuniyyət duyğusunu hansısa bir hədəfə çatmaqla yox, davamlı inkişafla əlaqələndirin. İnkişaf dayandığı an çöküş başlayır. Bu tələyə düşməyin. İnamla, inadla yola davam edin.
Yolunuz açıq olsun!