Ailədə məktəbəqədər uşaqların manipulyativ davranışı
Manipulyativ davranış – insana qarşı psixoloji təsirdir, hansı ki, gizli şəkildə həyata keçirilə bilər və öz mənfəətinə nail olmaq üçün istifadə edilə bilər. Bir çox elmi tədqiqatlar göstərir ki, manipulyativ davranış məktəbəqədər yaşlı uşaqların valideynlər, müəllimlər və yaşıdları ilə qarşılıqlı münasibətlərdə müşahidə olunur. Məktəbəqədər dövr ali psixi funksiyaların sürətli inkişafı, şəxsiyyətin formalaşması, davranış normalarının və qaydalarının mənimsənilməsi, emosional sahənin inkişafı ilə səciyyələnir. Bu gün məktəbəqədər yaşlı uşaqlarda manipulyasiyanın öyrənilməsi təhsilin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək üçün çox vacibdir.
1. V. Kozachek tərəfindən aparılan araşdırmalar göstərir ki, məktəbəqədər uşaqlarda ən çox istifadə olunan manipulyasiya davranışları arasında "xəstəlik", yalan, histerika və s. kimi davranışlar olur. Tez-tez uşaqlar manipulyasiya davranışlarını hər hansı bir məqsədə nail olmaq üçün istifadə edirlər. Bununla belə, uşaqların manipulyasiya davranışının səbəbləri var. G. V. Qraçev və İ. k. Melnik (2002) hesab edirlər ki, uşaqların manipulyativ davranışı böyüklərin onlara münasibəti ilə bağlıdır, məsələn, doğuluşdan valideynlər uşağa qışqırırsa, aqressiv davranış və pis münasibət göstərirlərsə, belə münasibət uşaqlar tərəfindən neqativ kimi qəbul edilir və gələcəkdə uşaq hansısa bir pis hərəkəti gizlətməyə çalışaraq yalan danışmağa başlayır. Əksər hallarda uşaqlar cəzasız qalacaqlarını bildikləri üçün böyüklərə qarşı manipulyativ davranış nümayiş edirlər. Bu davranış, məktəbəqədər uşaqların davranışlarının şüurlu olduğunu göstərir.
2. Adler və E. Şostorm isə hesab edirlər ki, uşaqların manipulativ davranışı zəiflik hisslərlə bağlıdır. A. Adler hesab edir ki, uşaqlar erkən yaşlardan çox vaxt böyüklərə güzəştə gedərək, zəiflik hissi keçirirlər. Manipulyasiya isə bu zəiflik hisslərin kompensasiyası üçün müəyyən bir vasitədir. Bu davranış, alimlərin fikrincə 4 – 5 yaşlarında inkişaf və sabit edilir. Uşaqlar isteriya çıxararaq, qışqıraraq və yalan danışaraq öz isdədiklərinə nail olmağa çalışır. Beləliklə, uşağın ailədə manipulyativ davranışı uşaq-valideyn münasibətlərinə nəzarət etmək üsulu kimi nəzərdən keçirilir.
Valideynlər üçün tövsiyyələr:
Uşaqlara manipulasiya etmədən öz istədiyini birbaşa bildirməyi öyrətmək vacibdir.Uşaqların tərbiyəsində manipulyasiyaya alternativ olaraq intizam çox vacibdir. Xarici və daxili intizamın bir-birindən fərqi vardır. Xarici intizam uşaqların valideynlərinə qulaq asmağıdır. Daxili isə əsas uşaqda özünütərbiyənin inkişaf etdirilməsidir. Xarici intizamın "mükafat" və "cəza" kimi anlayışları ilə xarakterizə olunur. Cəza çox vaxt uşaqların hisslərini boğur, aqressiyaya səbəb olur. Uşaqlar özlərini təhlükəsizlikdə və cəmiyyətin bir üzvü olaraq hiss etməlidirlər. Yalnız bu zaman valideynlər onlara manipulyativ deyildə, düzgün intizamlı tərbiyə verə biləcəklər.